×
A
A
A
Sazlamalar

Mülkiyyət hüququnun təmin olunması Böyük Qayıdışın ən mühüm sütunlarından biridir RƏY

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış çərçivəsində həyata keçirilən dönüş prosesi təkcə fiziki köç deyil, eyni zamanda, insanların fundamental hüquqlarının bərpasına xidmət edən mühüm dövlət siyasətidir. Bu baxımdan keçmiş məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin olunmasına dair qanun layihəsi xüsusi əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.
Onun sözlərinə görə, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan dövləti keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli qayıdışını təmin etmək istiqamətində ardıcıl addımlar atır. Böyük Qayıdış təkcə insanların fiziki olaraq öz doğma torpaqlarına dönməsi deyil, həm də onların hüquqlarının tam şəkildə bərpasını nəzərdə tutur. Bu qayıdışın ən mühüm istiqamətlərindən biri Ermənistanın işğalı nəticəsində ev-eşiyindən, mülkiyyətindən məhrum edilmiş vətəndaşlarımızın yenidən mülkiyyət hüququna sahib olmasıdır. Dövlətimizin həyata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa işləri nəticəsində Qarabağ və Şərqi Zəngəzurda inşa edilən yeni yaşayış məntəqələri, fərdi evlər və mənzillər vətəndaşlarımızın mülkiyyət hüquqlarının təmin olunması üçün çox əlverişli şərait yaradır.
Mülkiyyət hüququ konstitusion hüquq olmaqla yanaşı, insanın şərəf və ləyaqətinin əsas elementlərindən biridir. Mülkiyyət hüququ 30 il ərzində Ermənistanın işğal siyasəti nəticəsində vətəndaşlarımızın əlindən alınmışdı. Bu gün isə biz öz torpaqlarımıza qayıdır, yenidən ev-eşik sahibi oluruq. Milli Məclisin plenar iclasına təqdim olunan və komitələrdə müzakirə edilən qanun layihəsi də məhz keçmiş məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin edilməsinə xidmət edir. Bu, olduqca mühüm addımdır və dövlətimiz bu məsələni özünün əsas vəzifələrindən biri hesab edir. Sözügedən hüquqi mexanizm keçmiş məcburi köçkünlərin doğma torpaqlarında ləyaqətli şəkildə yaşaması üçün geniş imkanlar açır. Beləliklə, Qarabağda, Şərqi Zəngəzurda və işğaldan azad edilmiş digər bütün yaşayış məntəqələrində məskunlaşan vətəndaşlarımız mülkiyyət hüququna sahib olacaqlar. Məhz mülkiyyət hüququ vasitəsilə Qarabağın bərpası və dirçəldilməsi prosesi daha da sürətlənəcək. İnsanların öz yurdlarına qayıtması, həmin ərazilərdə mülkiyyət sahibi olması bölgələrin sosial-iqtisadi inkişafına əlavə təkan verəcək”, – deyə T.Gəncəliyev vurğulayıb.
O hesab edir ki, mülkiyyət hüququnun təmin olunması insanların doğma torpaqlara qayıdışını stimullaşdıran ən vacib amillərdən biridir. Bu, eyni zamanda, iqtisadi rifahın formalaşmasının əsas şərtlərindən biridir. Çünki iqtisadi inkişafın və sosial sabitliyin təməlində insanın mülkiyyət sahibi olması dayanır. Azərbaycan dövləti Böyük Qayıdış çərçivəsində geri dönən bütün keçmiş məcburi köçkünlər üçün bu hüququ təmin edir və bundan sonra da təmin edəcək.

Müxbir - Səbinə Əlizadə

2026-06-05 17:33:00