


Azad olunmuş torpaqların su resursları ərzaq təhlükəsizliyinin zəmanətidir – ŞƏRH
Bakı, 5 iyun, AZƏRTAC
Günümüzün aktual mövzusuna çevrilmiş qlobal iqlim dəyişməsi, geosiyasi mübarizələrin nəticəsində meydana çıxan müharibələr və bunların müxtəlif ölkələrin iqtisadiyyatına mənfi təsiri dövlətləri ərzaq təhlükəsizliyi probleminə daha ciddi yanaşmağı tələb edir.
Bu fikri AZƏRTAC-a açıqlaması zamanı kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Bəhruz Bayramov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin ölkədə kənd təsərrüfatının vəziyyəti ilə əlaqədar keçirdiyi müşavirə də məhz bu məsələlərə həsr olunub.
“Bu məsələlər daim dövlətin diqqət mərkəzində olub. Təsadüfi deyil ki, 2025-ci ildə aqrar məhsul istehsalının həcmi 14 milyard manatdan çox olub, sektor ümumi daxili məhsulun 5,9 faizini formalaşdırıb. Aqrar sahə ölkədə məşğul əhalinin təxminən 35 faizini işlə təmin etməklə regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Ərzaq təhlükəsizliyinin təmin edilməsində su ehtiyatlarının idarə olunması da mühüm amillərdən biridir. Azərbaycanda son illər bu sahədə böyük layihələr həyata keçirilib. Taxtakörpü, Şəmkirçay, Göytəpə və digər su anbarlarının tikintisi, kanalların yenidən qurulması, müasir suvarma sistemlərinin tətbiqi kənd təsərrüfatının inkişafına ciddi dəstək olub. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yeni su layihələri isə gələcək dövrdə daha geniş əkin sahələrinin su ilə təmin olunmasına imkan yaradıb. Kənd təsərrüfatında dövlət dəstəyi mexanizmləri də ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Subsidiyalar, güzəştli kreditlər, yanacaq və gübrə dəstəyi fermerlərin fəaliyyətini stimullaşdıran əsas vasitələrdəndir. Dövlət tərəfindən yaradılmış bu imkanlar kənd təsərrüfatı istehsalçılarının xərclərinin azaldılmasına, məhsuldarlığın artırılmasına və rəqabət qabiliyyətinin gücləndirilməsinə xidmət edir”, - deyə Bəhruz Bayramov qeyd edib.
B. Bayramov vurğulayıb ki, Prezident İlham Əliyevin müşavirədə vurğuladığı məsələlərdən biri də özəl sektorun kənd təsərrüfatının inkişafındakı roludur: “Dövlət proqramlarının uğurlu icrası üçün sahibkarların və investorların fəal iştirakı vacibdir. Yerli və xarici investorların kənd təsərrüfatına daha çox sərmayə yatırması yeni istehsal sahələrinin yaranmasına, texnologiyaların yenilənməsinə və aqrar sənaye kompleksinin genişlənməsinə səbəb olacaq. Müasir dövrdə kənd təsərrüfatı yalnız məhsul istehsalı ilə məhdudlaşmır. Məhsulların saxlanması, emalı, logistikası və ixracı da bu sahənin ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycanda son illər yaradılmış soyuducu anbar infrastrukturu məhsulların uzun müddət saxlanılmasına, itkilərin azaldılmasına və bazar imkanlarının genişlənməsinə mühüm töhfə verir.
Müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığı ikiqat artırmaq mümkündür. Bu, kənd təsərrüfatı məhsullarının ixracını da artıraraq ölkəyə əlavə valyuta axınını təmin edər. Bu gün Azərbaycanda istehsal olunan məhsullar Rusiya, Belarus, Ukrayna, Moldova. Baltikyanı ölkələrinin bazarlarında alıcılar tərəfindən rəğbətlə qarşılanır. Lakin Azərbaycanın potensialı məhsulların Avropa bazarına da çıxarılmasına imkan verir və bu imkandan istifadə edib daha çox, keyfiyyətli məhsul istehsal etmək lazımdır”.