×
A
A
A
Sazlamalar

Departament rəisi: SOCAR metan emissiyalarının azaldılmasına çox ciddi yanaşır

Bakı, 5 iyun, AZƏRTAC

SOCAR-da iqlim dəyişikliyi məsələsinə, xüsusilə də metan emissiyalarının azaldılmasına çox ciddi yanaşırıq. Metan çox güclü istixana qazıdır. Bu məsələ çox vacibdir, əgər metan emissiyalarını azaltmağa nail olsaq, qısa müddətdə əhəmiyyətli nəticələr əldə edə bilərik. Məhz buna görə də metan emissiyalarının azaldılması bizim üçün sürətli nəticə verən və nisbətən asan həyata keçirilə bilən prioritet istiqamətlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bunu SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarəedilməsi departamentinin rəisi Mustafa Qurbanlı Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbir çərçivəsində keçirilən “Metan Emissiyalarının Azaldılması üçün Birgə Fəaliyyət: Kənd Təsərrüfatı, Enerji və Tullantılar üzrə Həll Yolları” adlı panel tədbirdə çıxış edərkən deyib.
O qeyd edib ki, bu yanaşma SOCAR-ın dekarbonizasiya hədəflərində də öz əksini tapıb: “Həmin hədəflər aparıcı beynəlxalq təşkilatların məqsədləri ilə uyğunlaşdırılıb və biz onları COP28-də elan etmişik. Ən vacib məqamlardan biri də odur ki, tərəfdaşlarımıza və dünya ictimaiyyətinə açıq şəkildə bildirmişik ki, 2050-ci ilə qədər xalis sıfır (Net Zero) emissiya səviyyəsinə çatmağı hədəfləyirik. Metan emissiyalarının azaldılması ayrıca həyata keçirilə bilən bir vəzifə deyil. Bu işi təcrid olunmuş şəkildə görmək mümkün deyil. Məhz buna görə SOCAR bir sıra böyük beynəlxalq təşəbbüslərin iştirakçısıdır və hətta onlardan birinin həmtəsisçilərindən biridir”.

Müxbirlər - Göyçək Mahmudlu, Günel Türksoy
Fotoqraf - Azər İbrahimov

 

Ekologiya 2026-06-05 16:46:00