


Azərbaycanın enerji siyasəti ölkənin ərazi bütövlüyünün təmin olunmasında strateji vasitələrdən biri olub ŞƏRH
Bakı, 5 iyun, AZƏRTAC
Müstəqillik əldə edildikdən sonra Azərbaycanın xarici siyasətində işğal problemi və enerji amili mühüm strateji istiqamətlərdən birini təşkil edib. Hər iki məsələ ölkənin müstəqilliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması baxımından prioritet hədəflər kimi müəyyənləşdirilib.
Bunu AZƏRTAC-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini, siyasi ekspert Nazim Cəfərsoy bildirib.
Onun sözlərinə görə, enerji amili ölkəyə xarici investisiyaların cəlb olunmasına, beynəlxalq marağın artırılmasına, iqtisadi gəlirlərin yüksəldilməsinə, eyni zamanda, həmin resurslardan istifadə etməklə Azərbaycanın müstəqilliyinin və hərbi gücünün möhkəmləndirilməsinə xidmət edib.
“Azərbaycanın enerji siyasətinin inkişaf trayektoriyasına nəzər saldıqda görürük ki, ilk mərhələdə əsas diqqət neft hasilatına və onun beynəlxalq bazarlara çıxarılmasına yönəlib. Bu siyasətin ən mühüm nümunələrindən biri Bakı–Tbilisi–Ceyhan neft kəməri layihəsi oldu. Sonrakı mərhələdə isə təbii qaz amili, xüsusilə Şahdəniz yatağının işlənməsindən sonra Azərbaycanın enerji siyasətində strateji əhəmiyyət daşıyan istiqamətlərdən birinə çevrildi”, – deyə ekspert qeyd edib.
Politoloqun fikrincə, neft və qaz ixracı Azərbaycanın beynəlxalq enerji bazarlarında mövqelərini gücləndirməklə yanaşı, ölkəni etibarlı enerji tərəfdaşı kimi tanıdıb.
"Azərbaycanın enerji siyasətinin mühüm xüsusiyyətlərindən biri də ölkənin həm də tranzit dövlət kimi formalaşmasıdır. Azərbaycan yalnız öz neft və qazını dünya bazarlarına çıxarmır. Eyni zamanda, xüsusilə Qazaxıstan başda olmaqla Xəzəryanı ölkələrin enerji resurslarının ixracında da mühüm tranzit ölkə rolunu oynayır. Bu amil Azərbaycanın regional əhəmiyyətini daha da artırır və enerji diplomatiyasının təsir imkanlarını genişləndirir”, – deyə o bildirib.
Ekspert qeyd edib ki, enerji diplomatiyası bölgədə yeni geosiyasi və iqtisadi balansın formalaşmasına da ciddi töhfə verib.
“Bu prosesdə Gürcüstan və Türkiyə ilə qurulan strateji tərəfdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın həyata keçirdiyi enerji layihələri hər iki ölkə ilə əməkdaşlığın ən mühüm istiqamətlərindən birinə çevrilib və regional inteqrasiyanın dərinləşməsinə xidmət edib. Son illərdə qlobal və regional geosiyasi proseslər Azərbaycanın enerji siyasətinin əhəmiyyətini daha da artırıb. Ukrayna müharibəsi, İran ətrafında formalaşan geosiyasi vəziyyət və Avropanın enerji təhlükəsizliyi ilə bağlı çağırışlar Azərbaycanın strateji rolunu daha da ön plana çıxarıb. Xüsusilə Rusiya və İrana alternativ enerji marşrutlarının formalaşdırılması baxımından Azərbaycan mühüm mövqeyə sahibdir”, – deyə ekspert bildirib.
N.Cəfərsoy əlavə edib ki, bütün bu proseslərin nəticəsində Azərbaycan təkcə Avropa üçün deyil, eyni zamanda, Aralıq dənizi hövzəsində enerji idxal edən ölkələr üçün də vacib tərəfdaşlardan birinə çevrilib.
“Bu gün Azərbaycan həm Avropanın enerji təhlükəsizliyində, həm də daha geniş coğrafiyada enerji təchizatının şaxələndirilməsi prosesində mühüm rol oynayan ölkə kimi çıxış edir. Bu isə ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə və strateji əhəmiyyətinin artmasına xidmət edir”, – deyə ekspert vurğulayıb.