


Azərbaycan enerji təhlükəsizliyini yalnız neftlə deyil, bərpaolunan enerji ilə də təmin etmək niyyətindədir - ŞƏRH
Bakı, 5 iyun, AZƏRTAC
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdən aydın olur ki, Azərbaycan enerji təhlükəsizliyini və iqtisadi inkişafını yalnız neftlə deyil, alternativ və bərpaolunan enerji ilə də təmin etmək niyyətindədir.
Bunu AZƏRTAC-a açıqlaması zamanı “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.
Onun sözlərinə görə, Bakı Enerji Həftəsi çərçivəsində yalnız neft və qaz hasilatı deyil, eyni zamanda, alternativ və bərpaolunan enerji istehsalı, nəqliyyat dəhlizləri, “yaşıl iqtisadiyyat”, yeni texnologiyalar, süni intellektin tətbiqi və bir sıra geniş aspektli məsələlər müzakirə olundu.
“Azərbaycan bu müzakirələrdə nümayiş etdirdi ki, ölkə nəinki müasir dünyanın çağırışları ilə ayaqlaşır, hətta bir sıra məsələlərdə onları qabaqlayır. “Masdar” şirkəti ilə Azərbaycan arasında əməkdaşlıq nəticəsində ölkədə ilk böyük bərpaolunan enerji obyekti - 230 MVt gücündə Günəş elektrik stansiyası tikilib. Hələ 2024-cü ildə “Masdar” və SOCAR 1 GVt həcmində əlavə gücün inkişafına dair mühüm saziş imzalayıblar. Bura Biləsuvar və Neftçalada artıq tikintisi başlayan iki Günəş stansiyası, həmçinin quruda 240 MVt gücündə külək parkı daxildir. Ümumilikdə isə “Masdar” şirkətinin Azərbaycana investisiyasının həcmi təxminən 1,2 milyard dollar təşkil edir.
Bütün bunlar onu deməyə əsas verir ki, neft hasilatının azalması ilə Azərbaycan uğurlu enerji transformasiyasını həyata keçirir. Bununla yanaşı Azərbaycan dünya miqyasında qaz hasil edən ölkə kimi tanınır. Cənub Qaz Dəhlizinin inşası zamanı onun heç bir xeyir verməyəcəyini iddia edən bir sıra dövlətlər bu gün Azərbaycandan qaz idxal etmək üçün rəsmi şəxslərlə görüşməyi xahiş edirlər. Azərbaycan Avropaya bu dəhliz vasitəsilə 30 milyard kubmetrə yaxın təbii qaz ixrac edərək qitənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır”, - deyə Zaur İbrahimov əlavə edib.
İctimai Birliyin sədri qeyd edib ki, Azərbaycan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsində iştirak edir və bu layihədə həm də tranzit funksiyasını yerinə yetirir: “Enerji tranziti üçün isə enerji saxlanc mərkəzləri zəruri infrastrukturdur. Bu baxımdan, 500 kV-luq “Abşeron” və bundan əvvəl 220 kV-luq “Ağdaş” yarımstansiyası ərazisində saxlanc mərkəzlərinin yaradılması təsadüfi xarakter daşımır. Bu mərkəzlər gələcəyə hesablanmış enerji strategiyasının tərkib hissəsidir. Bütün qeyd edilənlər Azərbaycanın “yaşıl iqtisadiyyata” keçidini təmin etməklə yanaşı gələcək iqtisadi artımının da əsasını yaradıb”.