×
A
A
A
Sazlamalar

İcraçı direktor: Metan emissiyalarının azaldılması üçün təcili və tamamlayıcı tədbirlər görməliyik

Bakı, 5 iyun, AZƏRTAC

Ümumdünya Ətraf Mühit Günündə Azərbaycanın ev sahibliyi ilə bu gözəl şəhərdə bir araya gələrkən bilirik ki, iqlim dəyişikliklərinin təsirləri getdikcə güclənir. Həmçinin düşünürük ki, qlobal temperatur artımı çox güman ki, tezliklə 1,5 dərəcə həddini keçəcək. Bu isə Paris Sazişində müəyyən edilmiş uzunmüddətli limitdir. Eyni zamanda bilirik ki, əsrin sonuna qədər yenidən bu səviyyənin altına qayıtmağımız üçün daha da ciddi və əzmlə çalışmalıyıq.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbir çərçivəsində keçirilən “Metan Emissiyalarının Azaldılması üçün Birgə Fəaliyyət: Kənd Təsərrüfatı, Enerji və Tullantılar üzrə Həll Yolları” adlı panel tədbirdə çıxış edərkən deyib.
O, çıxışında dekarbonizasiyanın son dərəcə vacib olduğunu qeyd edib və bildirib ki, bu gün baş verən istiləşmənin təxminən üçdə birinə cavabdeh olan metan emissiyalarının azaldılması üçün təcili və tamamlayıcı tədbirlər görməliyik: “Metan yer səviyyəsində əmələ gələn ozonun əsas mənbələrindən biridir və bu ozon insan sağlamlığı üçün zərərli hava çirkləndiricisidir. Buna görə də metan emissiyalarının azaldılması daha təmiz hava, daha yaxşı ictimai sağlamlıq, daha yüksək kənd təsərrüfatı məhsuldarlığı və bir çox digər faydalar təmin edəcək. Ən vaciblərindən biri də uşaqlarda astma hallarının azalmasına töhfə verməsidir. Kənd təsərrüfatı, enerji və tullantılar sektoru metanın insan fəaliyyəti nəticəsində yaranan üç əsas mənbəyidir. Bu üç sektorda mövcud imkanlardan 2030-cu ilə qədər istifadə edilməsi illik qlobal iqtisadi faydanı 330 milyard Amerika Birləşmiş Ştatları dollarına çatdıra bilər. Bu məbləğ metan emissiyalarının azaldılması üçün mövcud tədbirlərin həyata keçirilməsi xərclərindən qat-qat çoxdur”.

Müxbirlər - Göyçək Mahmudlu, Günel Türksoy
Fotoqraf - Azər İbrahimov

Ekologiya 2026-06-05 15:27:00