


Məcburi köçkünlərin mülkiyyət hüquqlarına dair qanun layihəsi yeni reallığın təzahürüdür - Ekspert
Bakı, 5 iyun, AZƏRTAC
Milli Məclisin plenar iclasına tövsiyə edilən “Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni reallığın təzahürüdür. Sənəd ölkənin reinteqrasiya, bərpa və dayanıqlı məskunlaşma siyasətinin məntiqi davamı kimi qiymətləndirilməlidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
O bildirib ki, qanun layihəsinin hazırkı mərhələdə müzakirəyə çıxarılması təsadüfi deyil. Uzun illər ərzində Azərbaycan dövlətinin məcburi köçkünlərlə bağlı siyasəti əsasən onların sosial müdafiəsinin və müvəqqəti yaşayış şəraitinin təmin edilməsinə yönəlmişdi. İşğal faktının davam etdiyi müddətdə insanların doğma torpaqlarına qayıtması mümkün deyildi. 2020-ci ildə Vətən müharibəsində qazanılan qələbə, sonrakı dövrdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi vəziyyəti köklü şəkildə dəyişdirib. İndi dövlətin qarşısında duran əsas vəzifə məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, könüllü və dayanıqlı qayıdışının təşkil edilməsidir. Son illərdə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, yeni şəhər və kəndlərin salınması, infrastrukturun yaradılması, yüzlərlə ailənin köçürülməsi bu prosesin praktiki əsasını formalaşdırıb.
“Qanun layihəsinin əsas mahiyyəti məcburi köçkün statusu daşımış şəxslərin işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmasının və yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının təmin edilməsinin hüquqi mexanizmlərini formalaşdırmaqdır. O, işğaldan azad edilmiş ərazilərdə inşa olunan yaşayış sahələrinin mülkiyyət hüququ əsasında vətəndaşlara verilməsinin qanuni əsaslarını formalaşdırır. Layihənin qəbul edilməsi insanları qeyri-müəyyənlik vəziyyətindən çıxaraq tamhüquqlu mülkiyyət sahibinə çevirəcək. Mülkiyyət hüququnun tanınması insanı “müvəqqəti sakin” ovqatından çıxarır, ona yaşadığı məkanın sahibi olmaq hissini yaşadır. Bu isə öz növbəsində ailələrin gələcək planlaşdırma imkanlarını genişləndirir, əmlaka qayğı göstərməkdən tutmuş biznes təşəbbüslərinə, investisiyalara qədər bir çox müsbət nəticələr doğurur. Vacib məqamlardan biri də budur ki, layihə sosial dəstək mexanizmlərinin davamlılığını da nəzərdə tutur. Məcburi köçkün statusu daşımış şəxslərin iqtisadi, sosial, psixoloji adaptasiya prosesinin tamamlanmasını əhatə edir. Yəni, dövlət bu mərhələdə vətəndaşları əlavə təminat mexanizmləri ilə dəstəkləməyi davam etdirəcək. Əminliklə deyə bilərik ki, qanunun qəbul olunması işğaldan azad edilmiş ərazilərdə daimi əhali məskunlaşmasının sürətlənməsinə xidmət edəcək. Əhalinin qayıdışı isə həmin bölgələrin iqtisadi dövriyyəyə cəlb olunmasını, kənd təsərrüfatının, xidmət sektorunun və kiçik sahibkarlığın inkişafını stimullaşdıracaq”, - deyə ekspert vurğulayıb.