×
A
A
A
Sazlamalar

Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO

Pekin, 5 iyun, AZƏRTAC

Pekin Xarici Dillər Universitetinin (PXDU) Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələri Çində keçirilən müsabiqə üçün “Bizim Cəbiş müəllim” filmindən bəzi fraqmentləri Azərbaycan dilində səsləndiriblər.
AZƏRTAC xəbər verir ki, Çinin 10-dan çox ali təhsil ocağının Asiya dilləri üzrə təhsil alan tələbləri arasında keçirilən “Asiyanın səsi” müsabiqəsinə PXDU-nun Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələri universitetin Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin rəhbərliyi altında hazırlaşıblar. “Xəzərin sədası” adlı komanda İkinci Dünya müharibəsi illərində Bakıda hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan sadə adamların mənəvi ucalığından söhbət açılan “Bizim Cəbiş müəllim” filmindən bəzi hissələri Azərbaycan dilində səsləndirərək müsabiqəyə təqdim ediblər. Münsiflər heyətinin qərarı ilə “Xəzərin sədası” komandasının işi 2-ci yerə layiq görülüb.
Qeyd edək ki, filmdən franqmentləri səsləndirən PXDU-nun Azərbaycan dili ixtisası üzrə 3-cü kurs tələbələri Kou Sinyən və Tu Kayyanq hazırda Xəzər Universitetində təkmilləşmə kursunda iştirak edirlər.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Mədəniyyət 2026-06-05 14:06:00

Video