×
A
A
A
Sazlamalar

Mali hökuməti “Əl-Qaidə”nin Sahel bölgəsindəki liderinin tutulmasına görə mükafat vəd edib

Qahirə, 5 iyun, AZƏRTAC

Mali hökuməti Sahel bölgəsində fəaliyyət göstərən “Əl-Qaidə” ilə əlaqəli silahlı qruplaşmanın lideri İyad Aq Qalinin gizləndiyi yer barədə xəbər verənə 3,5 milyon ABŞ dolları vəd edib. Onun müavini Amadu Kufanın ələ keçirilməsinə yardım edəcək xəbərə görə isə 2,5 milyon ABŞ dolları məbləğində mükafat elan edilib.
AZƏRTAC “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, bu barədə Mali Təhlükəsizlik Nazirliyinin yaydığı bəyanatda bildirilir.
Məlumata görə, İyad Aq Qali regionda hərbi hakimiyyətə qarşı mübarizə aparan ən iri silahlı qüvvənin lideri hesab edilir və hazırda Sahel bölgəsində ən çox axtarılan şəxslərdən biridir.
Keçmiş malili diplomat və Tuareq üsyançılarının liderlərindən biri olan Aq Qali ABŞ tərəfindən terrorçu kimi tanınıb. O, həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin qiyabi həbs orderi ilə də axtarışdadır.
Mali Təhlükəsizlik Nazirliyinin bəyanatında bildirilir ki, adı çəkilən şəxslər ölkə ərazisində insanların təhlükəsizliyini və əmlakını təhdid edən terror aktlarının planlaşdırılması, təşkili və həyata keçirilməsində iştirak etməkdə şübhəli bilinirlər.
Qeyd edək ki, Mali son 15 il ərzində silahlı qruplaşmaların fəaliyyəti səbəbindən ciddi təhlükəsizlik problemləri ilə üzləşir. Ölkə 2020-ci ildə baş vermiş çevrilişdən sonra hərbi hakimiyyət tərəfindən idarə olunur.


Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2026-06-05 13:04:00