×
A
A
A
Sazlamalar

Nazir: Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır VİDEO

Bakı, 5 iyun, AZƏRTAC

Yaşadığımız ətraf mühit, faydalandığımız təbiət - meşələr və biomüxtəliflik, okean və dənizlər, çaylar, nəfəs aldığımız hava ortaq sərvətimizdir. Biz iqtisadi inkişafı, sosial rifahı və ekoloji tarazlığı vəhdətdə təmin etməliyik. Azərbaycan bu yanaşmanı hər zaman dəstəkləyir və dayanıqlı inkişafı prioritet hesab edir.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
Ölkəmizin yaşıl inkişaf və bərpaolunan enerji mənbələrindən istifadə sahəsində genişmiqyaslı layihələr icra etdiyini diqqətə çatdıran nazir 2030-cu ilə qədər bərpaolunan enerjinin payının 30 faizə çatdırılmasının hədəfləndiyini deyib: "Belə ki, bu bizə Paris Sazişinin tərəfi kimi 2035-ci ilə qədər istixana effekti yaradan qaz emissiyalarını azaltmaq üçün zəmin yaradır. Əfsuslar olsun ki, uzun illər ərzində Ermənistanın işğalı altında qalmış ərazilərimizdə təbii sərvətlərə, ekosistemlərə, flora və faunaya ciddi ziyan vurulub, ekosid, urbisid və kultursid törədilib. Hazırda işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Dövlət Proqramının icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır. Azərbaycan Qarabağ və Şərqi Zəngəzur regionlarında ekoloji bərpa prosesinin dəstəklənməsi məqsədilə BMT-nin Ətraf Mühit Proqramından ekspert dəstəyi alıb və buna görə təşkilata minnətdarlığımızı bildiririk".

Müxbirlər - Göyçək Mahmudlu, Günel Türksoy
Fotoqraf - Azər İbrahimov
Videooperator - İlham Nadirov

Ekologiya 2026-06-05 12:06:00

Video