×
A
A
A
Sazlamalar

UNEP: Azərbaycanda zubr və ceyran populyasiyalarının bərpası davam etdirilir

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan zubr və ceyranlar da daxil olmaqla nadir heyvanların populyasiyalarını bərpa etmək üçün genişmiqyaslı proqramlar həyata keçirməyə davam edir ki, bu da biomüxtəlifliyin qorunmasına töhfə verir, ekosistemlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığını gücləndirir.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP), Ümumdünya Vəhşi Təbiət Fondu (WWF), Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyinin videosunda zubrların Qafqaza yenidən gətirilməsi layihəsinə başlandığı bildirilir.
“Şahdağ Milli Parkının kölgəsində, Qafqaz dağlarının qarla örtülü zirvələrinin ətəyində meşələrin bir əsrdən çoxdur görmədiyi tüklü nəhənglər yenidən gəzir. Yerli zubrların əksəriyyəti - düzənlik və Qafqaz alt növlərinin hibridi son yeddi ildə Avropa zooparklarından toplanaraq Azərbaycana köçürülüb. Bu gün Şahdağda bir neçə hamilə dişi də daxil olmaqla doxsan heyvan yaşayır”, - deyə materialda qeyd olunur.
Ekspertlər qeyd edirlər ki, iri otyeyənlər təbii tarazlığın qorunmasında əsas rol oynayır. Biomüxtəlifliyin qorunması üzrə mütəxəssis Fərid Əsgərovun sözlərinə görə, bu heyvanlar bir növ “ekosistem mühəndisi”dir: onlar bitki toxumlarını yayır, torpağı gübrələyir, otlaq və miqrasiya yolu ilə təbii bitki quruluşunu formalaşdırır.
“Belə çəmənliklər çoxlu sayda həşəratı cəlb edir və öz növbəsində, onlar da quşları cəlb edir. Bu, ekosistemi bərpa edir və zəngin ekosistemlər iqlim dəyişikliyinə daha yaxşı uyğunlaşır”, - deyə o qeyd edib.
Hazırda Şahdağ Milli Parkında yaşayan zubrlar beynəlxalq qoruma proqramının bir hissəsi olaraq yetişdirilən heyvanların nəsilləridir. Onların təbiətə buraxılmasından bəri parkda artıq 25-dən çox bala doğulub. Planlara görə, növbəti 25 il ərzində sürünün 500 başa qədər artması və davamlı populyasiyanın yaradılması nəzərdə tutulur.
Bərpa proqramına, həmçinin XX əsrin ortalarında brakonyerlik və yaşayış yerlərinin itirilməsi səbəbindən Azərbaycanda sayı kritik səviyyəyə düşmüş ceyran da daxildir. Qoruma tədbirləri və mindən çox heyvanın vəhşi təbiətə yenidən gətirilməsi sayəsində ceyran populyasiyası xeyli artıb. Hazırda Şirvan Milli Parkında təxminən yeddi min baş ceyran var.
Mütəxəssislər vurğulayırlar ki, otyeyən heyvanların bərpası Avrasiya vaşaqları, zolaqlı kaftar və boz qurd da daxil olmaqla nadir yırtıcıların geri qayıtmasına da kömək edir. Artan yem bazası bütün qida zəncirinə müsbət təsir göstərir.
Fərid Əsgərovun sözlərinə görə, Azərbaycanın uğurlu təcrübəsi artıq Qafqaz regionundakı digər ölkələrin təbiəti mühafizə təşkilatlarının marağına səbəb olub. Mütəxəssislər ümid edirlər ki, gələcəkdə heyvanların ayrı-ayrı qrupları vahid, dayanıqlı Qafqaz populyasiyasını yarada biləcək.
UNEP qeyd edir ki, bu cür layihələr regionun təbii irsinin qorunmasına və qlobal biomüxtəliflik məqsədlərinə çatmağa mühüm töhfədir.

Ekologiya 2026-06-05 11:40:00