


İran xaricdə dondurulmuş aktivlərinin 50 faizinin dərhal qaytarılmasını tələb edir
Bakı, 4 iyun, AZƏRTAC
İran ABŞ ilə mümkün razılaşmanın imzalanmasından sonra xaricdə dondurulmuş aktivlərinin azı 50 faizinin dərhal ölkəyə qaytarılmasını tələb edir.
AZƏRTAC xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bu barədə “Mehr” agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, İranın maraqlarına cavab verən əsas məsələlərdən biri ölkəyə məxsus maliyyə vəsaitlərinin dondurulmuş vəziyyətdən çıxarılmasıdır. Hazırda həmin vəsaitlərin hansı hissəsinin dərhal, hansı hissəsinin isə sonrakı mərhələdə qaytarılacağı müzakirə olunur. Diplomat vurğulayıb ki, Tehranın minimum tələbi qarşılıqlı anlaşma memorandumunun imzalanmasından dərhal sonra bu vəsaitlərin 50 faizinin İrana verilməsidir.
Nazir müavini əlavə edib ki, ABŞ-nin tətbiq etdiyi məhdudiyyətlər digər ölkələrin də həmin vəsaitləri İrana qaytarmasına mane olur. İran rəsmisi dondurulmuş aktivlərin qaytarılmasının iki ölkə arasında etimadın formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını hesab edir. Onun sözlərinə görə, Tehran bu məsələni ABŞ ilə aparılan danışıqlarda prioritet mövzulardan biri kimi gündəmdə saxlayır.
“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir
“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib
NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib