London, 4 iyun, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmerin hökumətin müdafiə xərclərinin artırılması planına yenidən baxması mümkündür.
AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, buna səbəb planın dövlət maliyyəsi üçün həddindən artıq yük yaratması ilə bağlı narahatlıqlardır.
Baş nazir Kir Starmer və maliyyə naziri Reyçel Rivz qarşıdakı 4 il ərzində müdafiə sahəsinə 18 milyard funt sterlinq investisiya yatırmağı nəzərdən keçirirdilər. Lakin son məlumatlara görə, bu məbləğin 15 milyard funt sterlinqə endirilməsi müzakirə olunur. Kir Starmer və Reyçel Rivz bu məsələni son bir həftə ərzində ikinci dəfə müzakirə ediblər. Müzakirələrə İranla bağlı münaqişənin Böyük Britaniya iqtisadiyyatına təsiri fonunda yaranan maliyyə çətinlikləri səbəb olub.
Məlumata görə, regiondakı gərginlik enerjinin qiymətlərinin artmasına və iqtisadi artımın zəifləməsinə səbəb olub. Kir Starmer daha əvvəl müdafiə büdcəsini ümumi daxili məhsulun 3 faizinədək artıracağını vəd etsə də, bu hədəfə nə vaxt nail olunacağı ilə bağlı konkret vaxt cədvəli açıqlamayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London