


Siyasi şərhçi: Bakı–Tbilisi–Qars layihəsi Avrasiyada yeni iqtisadi və logistika əlaqələri formalaşdırır
Bakı, 4 iyun, AZƏRTAC
Qlobal ticarət marşrutlarında müşahidə olunan dəyişikliklər, beynəlxalq nəqliyyat dəhlizləri üzərində yaranan geosiyasi risklər və təchizat zəncirlərinin şaxələndirilməsi zərurəti Orta Dəhlizin strateji əhəmiyyətini artırıb. Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirən bu marşrut artıq yalnız alternativ nəqliyyat xətti deyil, Avrasiya məkanında iqtisadi inteqrasiyanın və tranzit əməkdaşlığının əsas istiqamətlərindən biri kimi çıxış edir.
Bu şəraitdə Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilərək yenidən istifadəyə verilməsi Orta Dəhlizin inkişafında mühüm hadisə hesab olunur.
Bakı–Tbilisi–Qars layihəsi bu gün təkcə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən nəqliyyat xətti deyil, həm də Orta Dəhlizin əsas dayaqlarından biri kimi Avrasiya məkanında yeni iqtisadi və logistika əlaqələrinin formalaşmasında mühüm rol oynayır. Xüsusilə Çin və Mərkəzi Asiyadan Avropa bazarlarına çıxış imkanlarının genişlənməsi fonunda BTQ-nin əhəmiyyəti daha da artır.
Layihənin digər mühüm tərəfi Azərbaycanın tranzit imkanlarının şaxələndirilməsinə verdiyi töhfədir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu infrastrukturu və beynəlxalq nəqliyyat layihələri ilə formalaşdırılan logistika şəbəkəsi BTQ xəttinin modernləşdirilməsi nəticəsində daha da güclənir. Bu isə Azərbaycanın yalnız tranzit ölkə deyil, eyni zamanda, yük axınlarının idarə olunduğu və istiqamətləndirildiyi regional logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir.
Məhz bu baxımdan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin yenilənməsi Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əməkdaşlığın uğurlu nəticəsi olmaqla yanaşı, Orta Dəhlizin gələcək inkişafına və Azərbaycanın Avrasiya nəqliyyat xəritəsində rolunun daha da artmasına xidmət edən mühüm layihə kimi qiymətləndirilir.

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Çindən Avropa bazarlarına və əks istiqamətdə yükdaşımalar üçün ən qısa və səmərəli marşrut hesab olunan Orta Dəhliz üzrə daşınan yüklərin həcminin məhdud olması uzun müddət əsas çağırışlardan biri kimi qiymətləndirilirdi. Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi və illik yükötürmə qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması bu problemin böyük ölçüdə aradan qaldırılması və Orta Dəhlizin rəqabət qabiliyyətinin əhəmiyyətli dərəcədə gücləndirilməsi deməkdir.
Onun sözlərinə görə, Yaxın Şərqdə davam edən müharibələrin beynəlxalq yükdaşımalara mənfi təsir göstərdiyi bir vaxtda Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin yükötürmə imkanlarının beş dəfə artırılması Orta Dəhlizin aktuallığını daha da yüksəldir.
“Bu addım yalnız Orta Dəhlizin əhəmiyyətini artırmır, eyni zamanda, bütövlükdə Avrasiya nəqliyyat şəbəkəsində təhlükəsiz və etibarlı tranzit imkanlarının genişlənməsinə xidmət edir. Şimal və Cənub dəhlizlərinin təhlükəsizlik baxımından müəyyən risklərlə üzləşməsi beynəlxalq diqqətin getdikcə daha çox Orta Dəhlizə yönəlməsinə səbəb olub. Belə bir şəraitdə əsas məsələ marşrutun yükötürmə qabiliyyətinin artırılması idi və Bakı–Tbilisi–Qars xəttinin modernləşdirilməsi bu baxımdan strateji əhəmiyyət daşıyan addım hesab edilməlidir.
Həyata keçirilən yenidənqurma işləri Şimal və Cənub dəhlizləri vasitəsilə daşınan yüklərin də Orta Dəhlizin Cənubi Qafqaz–Azərbaycan qovşağında birləşdirilərək Avropa bazarlarına yönləndirilməsi imkanlarını genişləndirir. Bu strateji layihənin nəticəsində Azərbaycanın Avrasiyanın nəqliyyat şəbəkəsində qovşaq rolu daha da güclənəcək”, - deyə o bildirib.
Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan indiyədək də Şərqlə Qərbi birləşdirən əsas tranzit mərkəzlərindən biri olub. Lakin Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi ilə ölkə təkcə tranzit funksiyasını yerinə yetirməyəcək, həm də Çin–Mərkəzi Asiya–Qafqaz–Avropa marşrutu üzrə yüklərin paylandığı və istiqamətləndirildiyi əsas logistika mərkəzlərindən birinə çevriləcək.
“Bu proses Azərbaycanın yalnız Şərq-Qərb istiqamətində deyil, eyni zamanda, Şimal-Cənub nəqliyyat marşrutları üzrə də hab rolunu gücləndirən mühüm hadisədir. Avrasiyanın nəqliyyat şəbəkəsində əsas qovşaqlardan birinə çevrilmək Azərbaycan üçün təkcə iqtisadi dividendlər və tranzit gəlirləri vəd etmir. Bu status, eyni zamanda, ölkənin beynəlxalq nüfuzunun və geosiyasi çəkisinin artmasına, regional proseslərdə rolunun daha da güclənməsinə mühüm töhfə verir”, - deyə şərhçi əlavə edib.
Müxbir – Səbinə Əlizadə