


Türk politoloq Ermənistandakı seçkilərlə bağlı “Anadolu” agentliyinə şərh verib
Bakı, 4 iyun, AZƏRTAC
York Universitetində Avrasiya geosiyasəti üzrə doktorantura təhsili alan Burak Çalışkan Türkiyənin rəsmi “Anadolu” agentliyinə Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı şərh verib.
AZƏRTAC xəbər verir ki, politoloqun fikrincə, seçkilərin nəticələri Ermənistanın xarici siyasətində və qonşuları ilə münasibətlərində də hiss olunacaq. Nikol Paşinyanın yenilənmiş mandatı Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində irəliləyişi, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını və regional nəqliyyat marşrutlarının canlanmasını sürətləndirə bilər. Bu baxımdan, Qars-Gümrü dəmir yolu xəttinin bərpası və Əlican-Marqara sərhəd-keçid məntəqəsinin açılması ikitərəfli ticarəti artıracaq, həmçinin Türkiyəni Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya ilə birləşdirən logistika marşrutlarını gücləndirəcək.
Politoloq qeyd edib: “Bu məqamda normallaşma təkcə Ankara ilə Yerevan arasında diplomatik əlaqələrin inkişaf etdirilməsi demək deyil. Prosesin strateji çəkisi Orta Dəhlizin gələcəyi, qlobal enerji marşrutları və bölgədəki yeni güc balansları ilə əlaqəsindədir. Azərbaycanı Ermənistanın Sünik bölgəsi vasitəsilə Naxçıvana və daha sonra Türkiyəyə bağlaması nəzərdə tutulan Zəngəzur dəhlizi də bu müzakirənin mərkəzindədir. Bu layihənin reallaşması Cənubi Qafqazın regional ticarət və enerji axınlarının Avropa bazarlarına çatmasını təmin etməkdə strateji əhəmiyyətini artıracaq”.
B.Çalışkan vurğulayıb ki, bunun əksinə, Paşinyanın parlamentdə hakimiyyətini itirməsi və ya normallaşmaya tərəddüd edən aktorların təsirinin artması bu prosesi əhəmiyyətli dərəcədə ləngidə bilər. Belə bir ssenari son illərdə əldə edilən diplomatik nailiyyətlərin azalmasına və regionu yenidən struktur qeyri-müəyyənliyinə gətirib çıxaracaq. Ankara və Bakı ilə birbaşa əlaqələrin zəifləməsi regional nəqliyyat və enerji layihələri ilə bağlı planlara da mənfi təsir göstərəcək. Buna görə də, 7 iyun seçkiləri təkcə Ermənistanın daxili siyasi balansını deyil, həm də Cənubi Qafqazda sülhün, əlaqənin və geosiyasi güc balanslarının formalaşacağı konkret parametrləri müəyyən edən mühüm bir dönüş nöqtəsi olacaq.
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir
“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib
NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib