


Fransanın dəmiryolçuları kütləvi tətilə hazırlaşırlar
Paris, 4 iyun, AZƏRTAC
Fransanın Dəmir Yolları Milli Şirkəti (SNCF) daxilində fəaliyyət göstərən əsas həmkarlar ittifaqları iyunun 10-na ümummilli tətil çağırışı ediblər. Bu addım dəmir yolu şəbəkəsində ciddi pozuntulara səbəb olacaq.
AZƏRTAC xəbər verir ki, dörd əsas həmkarlar ittifaqı – “Sud-Rail”, UNSA, CGT və CFDT – iyunun 10-na tətil çağırışı edərək, sərnişin daşımalarında ciddi gecikmə, hətta, qatar reyslərinin ləğvi ehtimalını artırıblar. Risk altında olan xətlərə TER, TGV, “Intercités”, “Transilien” və RER kimi qatarlar daxildir.
SNCF bildirir ki, ləğv və ya dəyişikliklər sərnişinlərə qatarın yola düşməsindən 48–72 saat əvvəl SMS və ya e-poçt vasitəsilə göndəriləcək. Bu bildirişlər vasitəsilə sərnişinlər səyahətlərinin statusunu əvvəlcədən öyrənə biləcəklər.
Həmkarlar ittifaqları mayın 6-da verdikləri bəyanatda iş yerində artan problemləri – istehsalat qəzaları, xəstəlik məzuniyyətləri və intihar hallarını, şirkət daxilində aparılan struktur dəyişiklikləri və filiallaşma prosesləri ilə əlaqələndiriblər.
Həmkarlar ittifaqları, eyni zamanda, əməkhaqlarının artırılmasını tələb edirlər. Onların fikrincə, şirkət əməkdaşların alıcılıq qabiliyyətini artırmadan məhsuldarlıq təzyiqini yüksəltməkdə davam edir. Onlar rəhbərliyi sosial dialoqa çağıraraq, çağırışlarına tez cavab verilməsini tələb edirlər.
Bu etiraz dalğası, 2025-ci ilin noyabrında dəmir yolu qrupunun rəhbəri təyin edilən Jan Kasteks üçün ilk böyük sosial sınaq kimi qiymətləndirilir.
“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir
“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib
NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib