


Bakıda “Azerbaijan Jewelry Show” sərgisi keçirilir
Bakı, 4 iyun, AZƏRTAC
Bakıda “Azerbaijan Jewelry Show” sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı və Türkiyə nümayəndə heyətinin rəhbəri Gökhan Yalçın çıxış ediblər.
Çıxış edənlər qiymətli daşlar bazarının formalaşmasından, bu sahədə iş adamlarının və şirkətlərin əməkdaşlıq əlaqələrindən danışıblar. Nəzərə çatdırılıb ki, Azərbaycanda zərgərlik sənəti çox qədim zamanlardan formalaşıb. Azərbaycan zərgərlərinin əl işləri dünyanın bir çox ölkələrində nümayiş olunub və yüksək qiymətləndirilib. Bu sənəti davam etdirən adamlar artıq biznes əlaqələri quraraq geniş fəaliyyət göstərməyə başlayıblar.
Çıxışlardan sonra sərgiyə baxış keçirilib. İyunun 4-dən 6-na kimi davam edəcək sərgi çərçivəsində qiymətli daşlar, qızıl və gümüşdən hazırlanmış zərgərlik məmulatları, külçələr və sikkələr, bijüteriya, zərgərlik məmulatları üçün qablaşdırma məhsulları, eləcə də zərgərlik sənayesi üçün avadanlıq və ləvazimatlar nümayiş etdiriləcək. Eləcə də Türkiyədə fəaliyyət göstərən şirkətlərin istehsal etdikləri zinət əşyaları, həmçinin də Azərbaycan zərgərlərinin əl işlərindən ibarət zərgərlik məmulatları, qızıl və zinət əşyaları alıcılara təqdim olunacaq.
Beynəlxalq sərgidə Azərbaycanla yanaşı, Türkiyənin, ərəb ölkələrinin, Qazaxıstan, Özbəkistan, Koreya, Çinin və bəzi Avropa ölkələrinin şirkətləri iştirak edirlər.
Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib
Azərbaycan nefti 99 dollara satılır
Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır
Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY
Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb