×
A
A
A
Sazlamalar

Keniya vergi qanunu ləğv edildikdən sonra 7,7 milyard dollar borc almağı planlaşdırır

Bakı, 1 iyul, AZƏRTAC

Keniya Prezidenti Uilyam Ruto deyib ki, onun hökuməti vergi qanununun ləğvi ilə əlaqədar beynəlxalq qurumlardan daha böyük borc almalı olacaq, söhbət 1 trilyon Keniya şillinqindən (təxminən 7,7 milyard dollar) gedir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Citizen” portalı məlumat yayıb.
“Biz Maliyyə Aktını ləğv etdik, bu nə deməkdir? Biz iki il geriyə getmişik. Bu o deməkdir ki, ölkəni ayaqda saxlamaq üçün bu il 1 trilyon şillinq borc götürməli olacağıq", - o, mətbuat konfransında jurnalistlərə bildirib.
Prezidentin sözlərinə görə, vergilərin azaldılması təhsil haqqını ödəyə bilməyən yoxsul ailələrdən olan uşaqlar üçün 46 min müəllimin maaşının ödənilməsi planlarından imtinaya, süd və qəhvə istehsalçılarına verilən subsidiyaların ləğvinə səbəb olacaq.
Eyni zamanda o, dövlət qulluqçularının təminatı xərclərinin azaldılması çərçivəsində birinci xanım və administrasiyanın baş katibi vəzifələrinin ləğv ediləcəyini bəyan edib.
Bundan əvvəl etirazların təzyiqi altında Keniya Prezidenti yeni vergilərin tətbiqini nəzərdə tutan mübahisəli qanun layihəsini geri götürmüşdü.

Dünya 2024-07-01 01:17:00