×
A
A
A
Sazlamalar

Çexiyada 6 ay əvvəl törədilmiş qətliamın daha dəqiq təhqiqatı aparılacaq

Praqa, 28 iyun, AZƏRTAC

Çexiya parlamenti Praqanın Karl Universitetində dekabr faciəsindən altı ay sonra xüsusi parlament komissiyasının yaradılması barədə qərar qəbul edib. AZƏRTAC bu barədə yerli mətbuata istinadla xəbər verir.
Xatırladaq ki, ötən ilin sonunda sözügedən universitetin Fəlsəfə fakültəsinin binasında tək qatil insanlara silahlı hücum etmişdi. Bu mənfur qətliamda 14 şagird və müəllim həlak olmuş, 25 nəfər yaralanmışdı.
İndi bu cinayət deputat komissiyasının araşdırma obyekti olacaq. Çexiya hakim koalisiyasının qanunvericiləri əvvəllər belə bir addımın yersiz olduğunu bildirsələr də, sonradan ANO müxalifət hərəkatının planını dəstəkləyiblər. Deputatlar baş verənləri sözün əsl mənasında dəqiqəbədəqiqə öyrənməli, hüquq-mühafizə orqanlarının işinə qiymət verməli olacaqlar.
Qətliam törədən tələbənin hücumundan altı ay keçib. Polis bu yaxınlarda istintaqın nəticələri barədə məlumat verib və cinayətin yeganə təqsirkarının silahlı hücum günü intihar etdiyini nəzərə alaraq işi təxirə salıb. Parlamentarilərin xüsusi komissiya yaratmaq qərarından əvvəl Praqa Karl Universitetinin hücumla bağlı bütün halların təhqiq edilməsini tələb edən şikayət ərizəsi verdiyi xəbəri yayılıb.
“Hesab edirəm ki, bu iş üzrə nəticə çıxarmalı olan bütün məsul orqanlar ayrılmış 6 ay ərzində vəzifələrinin öhdəsindən gəliblər. Başa düşürəm ki, bu müddət cinayətin qurbanlarının yaxınlarına çox uzun görünürdü. Biz polislə razılaşdıq ki, öz tərəfimizdən ictimaiyyətlə ünsiyyət mümkün qədər açıq olacaq. Düşünürəm ki, biz iş üzrə xeyli məlumat vermişik. İnsanlar polis əməliyyatının səs yazısını görüb və kontekstə uyğun məlumat alıblar. Mühafizə Bölmələri Müfəttişliyinin təftişi bir neçə ay çəkib. Prokurorluq fəaliyyət göstərib və qanuna uyğun olaraq, cinayət işini təxirə salıb. İndi ictimaiyyətin istintaqın nəticələrini qəbul etməsinin və bu işi “bağlamağın” vaxtı çatıb. Üstəlik, hazırda müvafiq materialları açıq şəkildə dərc etmək artıq mümkündür”, -deyə ölkənin daxili işlər naziri Vit Rakuşan Çexiya televiziya kanallarına müsahibəsində bildirib.

 
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Dünya 2024-06-28 16:45:00