×
A
A
A
Sazlamalar

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

Bakı, 7 may, AZƏRTAC

“Yarışlara hazırlığımız davam edir. Bütün idmançılarımızdan yaxşı nəticələr gözləyirəm. İnanıram ki, uğurla çıxış edəcəklər”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında kişi karateçilərdən ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Şahin Atamov Xorvatiyanın Zadar şəhərində keçiriləcək Avropa çempionatında komandanın şanslarını dəyərləndirərkən deyib.
O, yığmanın heyətində yer alan bütün idmançıların qızıl medal qazanmağa iddialı olduqlarını bildirib: “Fərid Savadov (60 kiloqram), Fərid Ağayev (75 kiloqram), Turqut Həsənov (84 kiloqram) və Murad Hacızadə (+84 kiloqram) ölkəmizdə keçirilən seçmə yarışlarda yaxşı nəticə əldə edərək qitə birinciliyinə yollanmaq hüququ qazanıblar. Onların Xorvatiyada necə çıxış edəcəkləri ilə bağlı öncədən proqnoz vermək çətindir. Təbii ki, Vətənə xoş təəssüratlarla dönmək istəyirik”.
Baş məşqçi kimi ilk dəfə böyüklər arasında turnirə yollanan 38 yaşlı mütəxəssis bunun məsuliyyətli iş olduğunu vurğulayıb: “Gənclərdə artıq bu təcrübəni keçmişəm. Beş il Avropa və dünya çempionatlarında milliyə rəhbərlik etmişəm. Böyüklərdə isə bu, mənim ilk sınağım olacaq. Onu da uğurla başa vuracağıma inanıram. Hələlik hər şey qaydasındadır. Artıq hazırlıq üçün son gündür. İdmançılarımızın çəkiləri yoxlanılır. Komandamızda əhvali-ruhiyyə yüksək səviyyədədir”.
Qeyd edək ki, mayın 8-12-də keçiriləcək Avropa çempionatında Azərbaycan 4-ü kişi, 4-ü qadın olmaqla, ümumilikdə 8 idmançı ilə təmsil olunacaq.

 

İdman 2024-05-07 14:57:00