×
A
A
A
Sazlamalar

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Bakı, 7 may, AZƏRTAC

"Heyətimizdə gənclər çoxluq təşkil edir. Onlara güvənirik".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qızıl Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Nikalina Başnakova deyib.
29 yaşlı voleybolçu qarşıdakı turnirdə uğurlu nəticələr qazanacaqlarına inandığını bildirib: "Turnirin başlamasına qısa zaman qalsa da, əlimizdən gələni etməyə çalışırıq. Özümüzə inanırıq, çünki Faiq Qarayev kimi güclü məşqçimiz var. İlk görüş mayın 17-də Xorvatiya seçməsinə qarşı olacaq. Onlar da gənclərdən qurulmuş komandadır. Ümid edirəm ki, hər şey istədiyimiz kimi gedəcək".
Son mövsümü İtaliya təmsilçisi "Kosta Valpino"da keçirən yığma üzvü gələcək klub karyerası barədə hələ qərar vermədiyini söyləyib.
Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasındakı ilk görüşünü mayın 17-də Osiyek şəhərində Xorvatiya seçməsinə qarşı keçirəcək.

İdman 2024-05-07 14:11:00