Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub
Bakı, 6 may, AZƏRTAC
Son günlər Azərbaycanın müxtəlif bölgələrində hava şəraitinin kəskin dəyişməsi, temperaturun aşağı düşməsi, leysan yağışları, ayrı-ayrı rayonlarda dolu və qar yağıntıları əkin sahələrinə, bağlara zərər vurub.
Aqrar Sığorta Fondundan AZƏRTAC-a verilən məlumatına görə, mayın 4-dən başlayaraq rayonlarda hava şəraitinin kəskin dəyişməsi nəticəsində təsərrüfatlarına zərər dəymiş fermerlər “1651” Çarğı Mərkəzinə müraciət edərək Aqrar Sığorta Fondunu məlumatlandırırlar.
Son üç gündə təsərrüfatlara zərər dəyməsi ilə bağlı Çağrı Mərkəzinə 7 rayon üzrə 20 müraciət daxil olub. Müraciətlər Kürdəmir, Beyləqan, Ağcabədi, Biləsuvar, Zərdab, Quba və Qusar rayonlarında fəaliyyət göstərən fermerlər tərəfindən edilib.
İlkin məlumata görə, kəskin hava şəraiti, güclü yağış, dolu və qar yağıntıları qeyd olunan rayonlarda ayrı-ayrı təsərrüfatlar üzrə arpa, buğda, pambıq əkinlərinə, alça və gilas bağlarına zərər vurub.
Fermerlərin müraciətləri əsasında bölgələrə ekspertlərin ezam olunması nəzərdə tutulur. Ekspertlər sığortalanmış təsərrüfatlara dəyən zərəri yerində aktlaşdıraraq Aqrar Sığorta Fonduna təqdim edəcəklər.
Aqrar Sığorta Fondu fermerləri hava şəraitinin kəskin dəyişməsi və təbiət hadisələrinin təsirindən qorunmaq üçün təsərrüfatlarını sığortalamağa çağırır.
Bu ilin ilk rübü ərzində Aqrar Sığorta Fondu tərəfindən fermerlərə dolu hadisələri üzrə 503 min manat, sel-subasmaya görə isə 101 min manat sığorta ödənişi edilib.
"Gəncləşən muğam" layihəsi Gəncədə
32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO
Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO
Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir
Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO