Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO
Qax, 18 may, AZƏRTAC
Bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti bu gecə də fəsadsız ötüşməyib.
AZƏRTAC xəbər verir ki, şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala və Qax rayonlarına leysan və dolu yağıb. Təbii fəlakət daha çox Qax rayonunda özünü büruzə verib.
Rayon ərazisində gecədən başlayan leysan sonradan dolu ilə əvəzlənib. Belə ki, səhərin erkən saatlarından başlayaraq Qaxın Əlibəyli və Tasmalı kəndlərinə dolu yağıb. Sakinlərin sözlərinə görə, yarım saat davam edən dolu nəticəsində həyət-bacaya, xüsusən də bostan-tərəvəz və üzüm bağlarına ciddi zərər dəyib.
Tasmalı, Lələpaşa, Turaclı, Ləkit, Marsan və Zəyəm kəndlərində sakinlərin həyətlərinə, fındıq bağlarına, qarğıdalı sahələrinə su dolub.
Rayon Fövqəladə Hallar Komissiyasının üzvü Abakar Əliyev bildirib ki, gecə saat 3 radələrindən başlayaraq səhər saat 5-ə kimi fasilələrlə yağan leysan və dolu əsasən rayonun Ləkit, Tasmalı, Əlibəyli və Lələpaşa kəndlərinin ərazisindəki təsərrüfatlara ziyan vurub. Tasmalı və Marsan kəndlərində qurunt sularının qalxması nəticəsində həyətlərə su dolub. Eyni zamanda, 20 hektara yaxın fındıq bağları sel suları altında qalıb. Komissiya üzvü deyib ki, ümumiyyətlə rayon ərazisində 70-80 hektar əkin sahəsinə, o cümlədən qarğıdalı, tütün və taxıl sahələrinə ziyan dəyib.
Komissiya üzvləri hazırda ərazilərdə dəymiş ziyanın hesablanması və aradan qaldırılması istiqamətində iş aparırlar.
Qanlı Yanvar hadisələrində Lənkəranın 11 şəhidindən 6-sı Haftoni meşəsində qətlə yetirilib
Cəlilabadda otlaq sahəsində silah-sursat aşkarlanıb
Qazaxda II Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib
Qusar Dövlət Ləzgi Dram Teatrı "Sədəf" tamaşasını teatrsevərlərə təqdim edib
Oğuz rayonunda ilk “Avtoklaster” layihəsinə başlanılır VİDEO