×
A
A
A
Sazlamalar

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Bakı, 6 may, AZƏRTAC

“Qəbələ” kimi yaxşı infrastrukturu olan komandanın Premyer Liqa ilə vidalaşması üzücü məqamdır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin keçmiş komandasının Premyer Liqanı tərk etməsi barədə danışarkən deyib.
Rusiyalı mütəxəssis “Qəbələ” Futbol Akademiyasının indiyədək Azərbaycan futboluna böyük töhfə verdiyini bildirib: “Qəbələ” barədə yalnız xoş xatirələrim var. Orada futbolun inkişafı üçün çox işlər görülüb. Komanda Premyer Liqanı tərk etsə belə, bu prosesi davam etdirməlidirlər. Klubun akademiyasından Azərbaycan millisi üçün keyfiyyətli oyunçular çıxıb. Ümid edirəm ki, komanda yenidən əvvəlki günlərinə qayıdacaq”.
“Qarabağ”ın erkən çempionluğuna da toxunan rusiyalı məşqçi bunu digər komandaların rəqabət apara bilməməsi ilə əlaqələndirib: “Əvvəlcə “Qarabağ”ı çempionluq münasibətilə təbrik edirəm. Bu klubda hər şey peşəkar səviyyədə qurulub. Qurban Qurbanov böyük məşqçi olduğunu hər il nəticələri ilə sübut edir. Ağdam təmsilçisi beynəlxalq arenada da kifayət qədər əla təsir bağışlayır. Premyer Liqadakı digər rəqiblər isə “Qarabağ”la başabaş mübarizə apara bilmirlər”.
Qeyd edək ki, Yuri Syomin 2013-2014-cü illərdə “Qəbələ” komandasının baş məşqçisi olub.

 

İdman 2024-05-06 12:22:00