×
A
A
A
Sazlamalar

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Bakı, 4 may, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov mayın 4-də Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri, eyni zamanda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-da təsisçi icraçı direktoru Janna Skot ilə görüşüb.
DQİDK-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda həyat tərzi olan multikulturalizmin, dinlərarası harmoniyanın təşviqinin dövlət siyasətinin prioritet istiqaməti olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə, tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə, dini abidələrin təmir və bərpasına xüsusi önəm verir, mütəmadi olaraq dini icma rəhbərləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır.
Qonaq, həmçinin Azərbaycanda tolerantlıq sahəsində görülən işlər və həyata keçirilən layihələr, o cümlədən DQİDK-nın fəaliyyəti barədə məlumatlandırılıb.
Görüşdə, eyni zamanda, Azərbaycan multikulturalizm modelinin mütərəqqi bir model kimi təbliği istiqamətində görülən işlər və gələcək layihələr barədə müzakirələr aparılıb.

Cəmiyyət 2024-05-04 14:04:00