×
A
A
A
Sazlamalar

Yerli brendin yaradıcısı: Azərbaycanda qalstukları ən çox qadınlar alır - MÜSAHİBƏ

Bakı, 18 may, Pərvanə Qafarova, AZƏRTAC
Qalstuk günümüzdə klassik kişi görünüşünün vazkeçilməz aksesuarlarından biridir. İnsanların uzun müddət qalstuk taxmalarına dair ilk dəlil (və ya buna bənzər bir fakt) qədim Çinə aiddir. İmperator Qin Şi Huanqın sərdabəsində məşhur Terrakota ordusu heykəlləri (e.ə. 220-ci il) 1974-cü ildə aşkar edilib. Onların boyunlarında müəyyən qədər qalstuku xatırladan geniş parça lentləri görmək olar.

Bir çox mənbələrə görə, kişi geyimi kimi qalstuk haqqında ilk xatırlatma Romadakı Trayan Sütunundadır. Romalı legionerlər də düyünlə boyunlarına parça bağlayırdı. Amma bu parça qalstukdan çox boyunbağıya oxşayırdı.

Müasir qalstukun ilk prototipi XIX əsrdə Amerikada ortaya çıxıb. O dövrdə kişilər boyunlarına bir neçə dəfə bükülmüş və düyünlə bağlanan böyük rəngli yaylıq taxırdılar. Buna “bandana” deyirdilər. Bandana tez-tez amerikalı boksçu Ceyms Belçer tərəfindən taxılır və populyarlaşırdı. 

XVIII əsrin sonlarında uzun ucları olan boyunbağılar qalstuk adlandırılmağa başladı və XIX əsrin ikinci yarısında müasir qalstuklara yaxın bir görünüş əldə olundu. O vaxtlar yaxaları aşağı salınan köynəklər dəbə girməyə, ucları köynəyin üstündən asılması üçün onun yaxasının altından qalstuklar bağlanmağa başladı. Müasir qalstuk 1924-cü ildən indiki formasında mövcuddur. Bu forma və kəsik “ideal qalstuk”u patentləşdirən amerikalı sahibkar Cessi Lanqsdorfun xidmətidir. O, qalstuk yaylığını 45 dərəcə bucaq altında sarıma sapı diaqonalı formasında kəsdi.
Azərbaycanda “King’s Style” qalstuk brendinin yaradıcısı Nadir Rzayev AZƏRTAC-ın müxbiri ilə söhbətində bu işlə məşğul olmasının tarixçəsı, qadınların sevimli kişiləri üçün hansı qalstukları seçməsi və ABAD-ın dəstəyi barədə danışıb.
“Həmişə qalstuklara xüsusi marağım olub. Mən onları seçməyi və geyinməyi sevirdim. Əsas səbəb isə kiçik yaşlarımdan atamın, əmimin və babamın bunu etdiyini görməyim olub. Sonra öz-özümə dedim ki, mən də böyüyəndə onlar kimi qalstuk taxacağam”, -deyə gənc sahibkar xatırlayır.
Onun sözlərinə görə, Bakıda mağazaların birində satış meneceri işləyərkən qalstuka böyük tələbat olduğunu görüb. “Qadınlar kişilərə çox vaxt qalstuk hədiyyə edirlər. Bütün bunlar məni düşündürdü ki, qalstuk istehsalı ilə bağlı şəxsi biznesimi açmalıyam. Yerli bazarı təhlil etməyə başladım və milli qalstuk brendləri ilə tanış oldum. Nəticədə, 2019-cu ildə “King’s Style” adlı öz brendimi yaratdım”, - deyə Nadir Rzayev qeyd edir.

Biznesinin inkişafında ABAD-ın rolundan danışan brendin təsisçisi bildirib ki, 2019-cu ildə paytaxtda keçirilən tədbirlərin birində bu mərkəzin nümayəndəsi ilə görüşüb və ona biznesindən danışıb. “Sonra PR və əlaqələrin satışının genişləndirilməsi üçün dəstəyə ehtiyacım oldu və mən bu yaxınlarda öyrəndim ki, ABAD - Ailə Biznesinə və Sosial Layihələrə Dəstək Mərkəzi 2016-cı ildə fəaliyyətə başlayıb, Azərbaycanda mikro, kiçik və orta sahibkarlara dəstək verir və xalq dekorativ-tətbiqi sənətini fəal şəkildə dəstəkləyir. Şəxsi təcrübəmdən deyə bilərəm ki, ABAD həqiqətən də yerli brendlərə yüksək keyfiyyətli məhsulların inkişafı və istehsalında kömək edir, onları təbliğ edir və məhsulların ixracına dəstək verir. Onların gördüyü hər bir iş Azərbaycanın yerli istehsal məhsullarının xaricdə layiqincə təmsilinə yönəlib. ABAD-ın bütün satış mərkəzlərində və butiklərində məhsullarımızı görmək çox xoşdur”, - deyə agentliyin həmsöhbəti vurğulayıb.

Nadir Rzayev dörd ilə yaxındır ki, ABAD ilə əməkdaşlıq edir. Hazırda ABAD-ın 10 etnobutikində “King's Style” brendinin qalstukları təklif olunur. Sahibkar əlavə edir: “ABAD olmasaydı, komandamız bu qədər uğur qazana bilməzdi. Çoxlu sifarişlər qəbul edirik və təbii ki, bunda ABAD-ın böyük xidmətləri var”.

Brendin loqosu ümid və cəsarəti təmsil edir. Burada at və şir təsvirləri yer alır. “Bildiyiniz kimi, Azərbaycanda at ümdə arzu, istəklə əlaqələndirilir. Bu, loqotipimizdə yaxın gələcəkdə məqsədimizə çatmaq, tanınan brend olmaq, ölkəmizi dünya bazarında fəal şəkildə təmsil etmək istəyimizin rəmzidir. Həm də şirin gücü - o, qüvvət və cəsarəti təcəssüm etdirir. Bununla biz öz qabiliyyətimizi nümayiş etdirmək istəyirik”, - deyə Nadir Rzayev izah edir.

Əvvəlcə, “King's Style” markası yalnız qalstuk istehsal edirdi. Daha sonra rebrendinq aparılıb. Cüzdan, kəmər və qol düymələrinin istehsalına başlanılıb. “Hazırda bütün diqqətimizi studiyamızda işləməyə yönəltmişik. İndi məxsusi mal satışı mərkəzimiz yoxdur. Yaxın vaxtlarda mağazalarımızı açmağı nəzərdə tutmuruq”, - deyə həmsöhbətimiz əlavə edib.

Sizin qarderobda olan istənilən əşya yüksək keyfiyyətli parçadan hazırlanmalıdır və qalstuk da istisna deyil. Nadir Rzayev qalstuk tikməyə xüsusi yanaşma tərzindən danışaraq qeyd edir ki, qalstuk tikmək üçün parçalar xaricdən, xüsusən də Türkiyədən gətirilir. Brend qalstukları mikrofiberdən (kimyəvi vasitələrlə əldə edilən süni materialdan - red.) hazırlanır. Bu qalstuklar təbii ipək qalstuklara çox bənzəyir, lakin daha sərfəli qiymətə təklif olunur.

Gənc sahibkar iş prosesindən də danışıb. “Qalstukları tikdikdən sonra üzərində təsvir olunacaq naxışları seçirik. Brendimizin qalstuklarında siz buta, xarıbülbül və müxtəlif milli naxışları görə bilərsiniz. Biz qalstukların dizaynını rəqəmsal şəkildə yaradırıq və sonra türk tərəfdaşlarımıza göndəririk. Onlar, öz növbəsində, hazır parçanı bizə göndərirlər. Növbəti mərhələdə biz əlaqələrimizin yaradılması prosesinə başlayırıq”.

Nadir Rzayevin sözlərinə görə, Azərbaycanda kişilər monoton qalstuk taxmağa üstünlük verirlər. “Qalstuk seçərkən əməl edilməli olan əsas meyar onun məqsədidir: iş və ya çölə çıxmaq və ya mədəni tədbirlər, toylar, digər şənliklər üçün nəzərdə tutulanlar. Parlaq görkəmə malik kişilər iri və orijinal dizaynlı qalstuk taxmağa üstünlük verirlər. Məni təəccübləndirən odur ki, məhsullarımızın ən fəal alıcısı məhz qadınlardır. Müştərilərimizin 60-70 faizini onlar təşkil edirlər. Çünki qadınlar kişilərinə özlərinin zövqünə uyğun görmək istədiklərini hədiyyə edirlər. Yanındakı kişinin hörmətli və ləyaqətli görkəmdə görünməsi xoşlarına gəlir. Buna görə şəxsən mən onlara çox minnətdaram. Bəzən müştərilərimiz parlaq qalstuk seçirlər. Sonra onlardan soruşuram: “Hədiyyə edəcəyiniz adam bunu geyinəcəkmi?” Bununla bağlı hər hansı bir şübhə varsa, qalstukun rəngini və naxışını birlikdə seçirik. Həqiqətən də bütün kişilər qara, mavi və ya tünd yaşıl qalstuk taxmırlar. Bəziləri tünd bənövşəyi və tünd qırmızı tonlarda qalstuklara üstünlük verirlər”, - deyə sahibkar qeyd edir.

Beynəlxalq əməkdaşlıq təkliflərinə baxmayaraq, Nadir Rzayevin brendi hazırda yerli biznesin genişləndirilməsi imkanlarına diqqət yetirir. “İşlədiyimiz müddətdə xaricdən çoxlu əməkdaşlıq təklifləri aldıq. Məlumdur ki, ən yaxşı qalstuklar İtaliyada hazırlanır, yaxşılarına isə Fransa və İngiltərədə də rast gəlmək olar. Bununla belə, beynəlxalq bazara çıxmağa tələsmirik, çünki məqsədimiz biznesimizi yerli platformada genişləndirmək və bu sahədə ən yaxşısı olmaqdır. Ola bilsin ki, gələcəkdə bizim qalstuklarımız xarici rəqiblərin məhsullarından xeyli üstün olsun. Biz buna nail olmaq üçün hər cür səy göstərəcəyik. Əsas məqsədimiz Azərbaycanı beynəlxalq səviyyədə layiqincə təmsil etməkdir”, - deyə Nadir Rzayev sözlərinə yekun vurub.

 

 

Cəmiyyət 2024-05-18 15:02:00