×
A
A
A
Sazlamalar

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Bakı, 30 aprel, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ölkə üzrə həyata keçirilən nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər çərçivəsində aprelin 22-29-da 158 ticarət və 171 ictimai iaşə müəssisəsində monitorinq həyata keçirilib.
Monitorinq zamanı 144 ticarət və 160 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində məsul şəxslərə icrası məcburi göstərişlər verilib.
Qeyd edək ki, nəzarət tədbirləri COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonağın gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz qidalanma xidmətlərinin göstərilməsi məqsədilə həyata keçirilir. İlkin mərhələdə Bakı və Sumqayıt şəhərlərində yerləşən keytrinq, otel və sanatoriyalarda qida təhlükəsizliyi vəziyyətinin öyrənilməsi üçün müvafiq qiymətləndirmə keçirilib, sahibkarlarla bu sahədə maarifləndirmə işləri aparılıb. Eyni zamanda, həmin qiymətləndirmədə iştirak edəcək müfəttişlərə tədbirlə əlaqədar müxtəlif mövzularda təlimlər keçirilir.
Agentlik bu cür nəzarət tədbirlərini mütəmadi olaraq davam etdirəcək.

Cəmiyyət 2024-04-30 18:48:00