×
A
A
A
Sazlamalar

Dövlət Məşğulluq Agentliyi yenidən “Antikorrupsiya İdarəetmə sistemi” üzrə ISO sertifikatına layiq görülüb

Bakı, 30 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinə (DMA) ISO Təşkilatının (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə sertifikat təqdim edilib.
Agentliyin Strateji kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, bununla əlaqədar keçirilən görüşdə “Caspian Consulting Group of Companies” MMC-nin nümayəndələri tərəfindən sertifikat Agentliyin İdarə Heyəti sədrinin müavini Rüfət Cavadova təqdim olunub.
Sədr müavini bildirib ki, şəffaflığın təmin edilməsi Agentliyin əsas dəyərlərindən biridir. İSO standartlarının tətbiqi Agentliyin həmin sahədə işinin daha da yaxşılaşdırılmasına və xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verir.
Qeyd edək ki, 2022-ci il noyabrın 11-də İsveçrənin nüfuzlu “Swiss Approval” qurumu tərəfindən Dövlət Məşğulluq Agentliyində korrupsiya hüquqpozmalarının qarşısının alınması, fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiya hüquqpozmalarını istisna edən şəraitin yaradılması, korrupsiya ilə bağlı hüquqpozma hallarına qarşı mübarizə tədbirlərinin müəyyən edilməsi sahələri üzrə auditlər keçirilib və Agentliyə “İSO 37001:2016” beynəlxalq sertifikatı təqdim edilib. 2023-cü il noyabrın 20-də “Swiss Approval” tərəfindən birinci nəzarət auditi uğurla həyata keçirilib, ilkin audit zamanı irəli sürülən tələblərin Agentlik tərəfindən icra olunduğu müəyyən edilib. Bunun nəticəsi olaraq İSO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq sertifikatının müddəti uzadılıb.
Qurumun rəsmi internet səhifəsində (https://swissapproval.ch/certificate-validator/) 030-02-370-00068 qeydiyyat nömrəsini daxil etməklə sertifikatla tanış olmaq mümkündür.
Həmçinin Agentliyin fəaliyyətinin “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartının tələblərinə uyğunlaşdırılmasını təmin etmək məqsədilə www.dma.gov.az rəsmi internet səhifəsində “Şəffaflıq siyasəti” bölməsi yaradılıb, bölmədə vətəndaşlar üçün korrupsiya hüquqpozmaları ilə bağlı müraciət forması yerləşdirilib.
AZƏRTAC-0-

Cəmiyyət 2024-04-30 17:04:00