×
A
A
A
Sazlamalar

Şəkidə indiyədək 531 hektar sahəyə tütün şitilləri köçürülüb

Şəki, 30 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Cari təsərrüfat ilində Şəki rayonunda 1500 hektaradək sahədə tütün əkini proqnozlaşdırılır. Şəkili fermerlər builki mövsümdə 1000 hektar sahədə “Virciniya botaniki”, 500 hektarda isə digər növ tütün yetişdirəcəklər. Hazırda təsərrüfatlarda tütün əkini davam etdirilir. Fermerlər indiyədək 531 hektar sahəyə tütün şitilləri köçürüblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.
Qurum rəsmisi bildirib ki, bu il tütün əkini ilə əlaqədar “Azərtütün” ASC, “Şəki Tobacco” MMC, “Göynük Tobacco” MMC və digər müəssisələr tərəfindən 277 fermerlə müqavilə bağlanılıb. Təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsinə 1400-dək işçi cəlb olunub.
Cumakənddən olan fermer Həsən Səfərov bu il rayon üzrə hamıdan çox – 200 hektarda tütün əkməyi planlaşdırır. Fermerin təsərrüfatında indiyədək 40 hektar sahəyə tütün şitilləri köçürülüb. Şorsu kəndindən olan fermer Elxan Hacəliyev isə cari mövsümdə 50 hektar sahədə tütün yetişdirəcək. Onun təsərrüfatında da bu günədək 25 hektar sahəyə şitil köçürülüb.
Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1467,1 hektar sahədən 4137 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 535 ton artıb.

Regionlar 2024-04-30 12:28:00