×
A
A
A
Sazlamalar

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

Bakı, 20 aprel, AZƏRTAC
Bakı Kitab Mərkəzində (Baku Book Center) Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan İrəvanı” adlı sənədli film nümayiş etdirilib.
Film “Fortis Construction” şirkətinin “Fortis Films” layihəsi çərçivəsində ərsəyə gəlib. Təqdimat mərasimində rəsmi şəxslər, tanınmış incəsənət, mədəniyyət, elm xadimləri və digər qonaqlar iştirak ediblər.
AZƏRTAC-ın müxbiri ilə söhbətində filmin müəllifi və aparıcısı Fuad Axundov film üzərindəki iş prosesindən danışıb: “Azərbaycan İrəvanı” filmi heç bir dərin tarixçilik iddiasında deyil. Burada İrəvan tarixindən təxminən yüz il əvvəlki dövrü ayırmağa çalışmışıq: 1927-ci ildən - İrəvan qalasının general Paskeviç tərəfindən alınmasından sonra və 1920-ci ilə qədər sovetləşmədən əvvəl.”.
Müəllifin sözlərinə görə, İrəvanın Erivana, daha sonra Yerevana çevrilməsi Azərbaycan mədəni irsinin məqsədyönlü və planlı şəkildə məhv edilməsi deməkdir: “Bu proses bir əsrlik tarixi əhatə edir. İrəvanda bu irsin ən parlaq abidələrindən biri 1914-cü ildə dağıdılmış Sərdar sarayı idi. Saraydakı əsərlər Tbilisidədir. Məhz buna görə də film üzərində iş zamanı yaradıcı qrupumuz çəkilişlərin əsas hissəsini Tbilisidə aparıb. Çünki Gürcüstan Milli Muzeyində təkcə Sərdar sarayı ilə deyil, ümumiyyətlə İrəvan azərbaycanlılarının maddi mənəvi mədəniyyəti ilə bağlı nadir artefaktlar saxlanılır”, - deyə tədqiqatçı əlavə edib.
O qeyd edib ki, filmin yaradılmasında mühüm rol elmi məsləhətçi, Gürcüstan Milli Muzeyinin Tarix və Etnoqrafiya İnstitutunun direktoru, professor Eldar Nadiradzeyə məxsusdur. “Biz İrəvana həsr olunmuş bu filmi elmi ekran əsərindən daha çox, vaxtilə bu şəhərin əhalisinin əksəriyyətini azərbaycanlıların təşkil etdiyi dövrə həsr olunan tədqiqat filmi kimi çəkməyə çalışmışıq. Bu əhali heç də gəlmə yox, indi İrəvanda yaşamayan yerli əhalidir. Əlbəttə ki, bu, heç bir ərazi iddiasını və ya digər məsələləri nəzərdə tutmur. Ancaq Azərbaycan tarixinin bu hissəsini və Cənubi Qafqazın ən böyük mərkəzlərindən birinin tarixindəki bu mühüm mərhələni xatırlamağı vacib addım hesab edirəm. Bildiyiniz kimi, bu tarix uzun müddət unudulub, təhrif olunub. Biz bu film vasitəsilə Azərbaycanın qədim tarixi, mədəniyyəti və ən əsası insan amili üzərindəki pərdəni qaldırmağa çalışmışıq”, - deyə Fuad Axundov bildirib.
Tədbiri açan Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva mədəniyyətimizin və tarixi irsimizin qorunmasına yönəlmiş bu layihəyə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü ifadə edib.
Filmin müəllifi və aparıcısı Fuad Axundov bildirib ki, bu film onların yaradıcı qrupunun onuncu layihəsidir. “Əgər işimizin coğrafiyasına nəzər salsaq, biz demək olar ki, bütün Azərbaycanı əhatə etməyə çalışmışıq: yolumuz Balaxanı, Əmircan, Qusar, Quba, Şəmkir və digər yerlərdən keçib. Ancaq son layihəmiz Azərbaycanın hüdudlarından kənara çıxıb və biz onu vaxtilə azərbaycanlıların yaşadığı böyük mərkəzə həsr etmişik”, - deyə F.Axundov əlavə edib.
Filmin elmi məsləhətçisi, Gürcüstan Milli Muzeyinin Tarix və Etnoqrafiya İnstitutunun direktoru, “İrəvan xanlığı” kitabının müəllifi Eldar Nadiradze Bakıda olmaqdan məmnunluğunu ifadə edib. O, 20 il Azərbaycanın mədəni irsinin tədqiqatı ilə məşğul olduğunu diqqətə çatdırıb: “Çəkiliş prosesi çox maraqlı və səmərəli keçdi. Oxuduğum materiallar muzeyimizə təxminən 150 il ərzində daxil olub. Lakin bu müddət ərzində Azərbaycanın mədəni irsi faktiki olaraq öyrənilməyib. Eyni zamanda, Azərbaycan xalqının bu mədəniyyətin yaradılmasında iştirak dərəcəsi aydınlaşdırılmayıb. Bütün bunları Azərbaycanın tarixi və mədəni irsinə həsr olunmuş dörd kitabımda əks etdirməyə çalışmışam. Bu işlər əsasında mən belə bir nəticəyə gəlmişəm ki, Azərbaycan xalqı dünya sivilizasiyasının xəzinəsində görkəmli yer tutan möhtəşəm mədəni irsin yaradıcısıdır”.
Daha sonra film nümayiş olunub.
Ekran əsəri vaxtilə çiçəklənən İrəvan xanlığının və İrəvan qalasının demək olar ki, tamamilə məhv olunmuş Azərbaycan mədəni, tarixi və insan amili irsi ilə birlikdə müasir dövrünün təxminən yüz illik tarixindən bəhs edir.
Sərdar sarayının faciəli tarixi, qrafinya Uvarovanın onu qorumaq üçün çıxılmaz, lakin uğursuz cəhdləri, İrəvan məscidlərinin eyni dərəcədə kədərli taleyi, eləcə də Kərim xan İrəvanskinin timsalında Azərbaycan zadəgan zümrəsinə mənsub nümayəndələrin taleyindəki dramatik hadisələr Cənubi Qafqazın mühüm mərkəzlərindən birinin unudulmuş tarixi üzərindəki sirli pərdəni aralamağa imkan yaradır.
Film Gürcüstan Milli Muzeyinin Tarix və Etnoqrafiya İnstitutunun direktoru Eldar Nadiradzenin “İrəvan xanlığı” kitabı əsasında çəkilib.
Əsərdə İrəvan xanlığının tarixi, hökmdarları, İrəvan qalası uğrunda gedən döyüşlər, Azərbaycan tarixində xanlığın rolu barədə ətraflı məlumat verilir. Kitabda İrəvan xanlığının tarixindən bəhs edən foto və rəsmlər, Gürcüstan Milli Muzeyində saxlanılan nadir eksponatların fotoşəkilləri də yer alıb.
Filmin rejissoru Mirsadıq Ağazadə, prodüseri Səbinə Uluxanovadır. Film Azərbaycan subtitrləri ilə rus dilində hazırlanıb.

Mədəniyyət 2024-04-20 00:32:00