×
A
A
A
Sazlamalar

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, gündəliyə “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsinin daxil edildiyini söyləyib.
O, dünya ekosistemində son illər müşahidə olunan hadisələrə, o cümlədən Xəzər dənizinin səviyyəsinin enməsinə diqqət çəkərək qanun layihəsinin müasir çağırışlara cavab verdiyini vurğulayıb. Komitə sədri bu gün dünyanı narahat edən su çatışmazlığı probleminin ətraf mühitə və Azərbaycana təsirlərinə də toxunub.
Xəzər dənizinin potensialından süni torpaq sahələrinin yaradılması üçün istifadənin aktuallığına toxunan komitə sədri müzakirəyə çıxarılan qanun layihəsinin Xəzərin daha bir potensialının iqtisadiyyata cəlb edilməsi və dəyər zəncirinə qatılmasının hüquqi bazasının yaradılması baxımından əhəmiyyətini vurğulayıb.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qanun layihəsinin beynəlxalq təcrübəyə əsasən hazırlandığını, onun Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimlədiyini, süni torpaq sahələrinin yaradılmasının və onlardan istifadənin təşkilati və hüquqi əsaslarını müəyyənləşdirdiyini deyib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Rəşad İsmayılov qanun layihəsi barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, qanun layihəsində süni torpaq sahələrinin yaradılma formaları və süni torpaq sahələrinin yaradılmasına dair ümumi tələblər, qaydalar öz əksini tapıb. Bununla yanaşı, süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərarla bağlı müddəalar, həmçinin süni torpaq sahələrinin yaradılması və həmin torpaq sahəsində tikinti fəaliyyətinin xüsusiyyətləri, mülkiyyət və icarə münasibətlərinin tənzimlənməsi məsələləri təsbit olunub.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov dənizdə süni torpaq sahələrinin yaradılması və bunun müxtəlif məqsədlərlə istifadəsi ilə bağlı beynəlxalq təcrübədən danışıb, layihənin hüquqi aspektlərinə toxunub.
Məsələ ətrafında aparılan müzakirədə çıxış edən deputatlar fikirlərini bildirib, qeyd və təkliflərini söyləyiblər.
Rəşad İsmayılov səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Cəmiyyət 2024-04-17 18:42:00