×
A
A
A
Sazlamalar

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür

Bakı, 30 aprel, AZƏRTAC

Bakı-Ələt-Qazax avtomobil yolunun Yevlax rayonundan keçən hissəsinin (284-cü kilometrliyində) sağ və sol hissəsində əvvəllər əkilmiş Eldar şamı cinsindən olan ağaclar ziyanvericilərin törətdiyi xəstəliklər səbəbindən quruyub və xəstəliyin ətrafdakı digər sağlam ağaclara keçməməsi üçün qurumuş ağacların götürülməsinə zərurət yaranıb.
Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfovun AZƏRTAC-a verdiyi məlumata görə, mütəxəssislər tərəfindən aparılan müayinələr nəticəsində məlum olub ki, ərazidə kütləvi şəkildə ziyanvericilər yayılıb və bu səbəbdən böyük bir sahədə Eldar şamı ağaclarına xəstəlik düşərək quruyub. Ətrafdakı digər sağlam ağacların yoluxmasının qarşısının alınması məqsədilə qurumuş ağacların bir hissəsi artıq götürülüb.
“Hazırda ərazidəki digər qurumuş ağacların götürülməsi işləri aparılır. Quru ağaclar Regional Meşə Təsərrüfatı Mərkəzinin işçiləri tərəfindən təmizlənərək ərazidən daşınır. Sahə meşə əkininə hazırlandıqdan sonra götürülmüş ağacların yerinə yerli şəraitə uyğun yeni ağaclar əkiləcək”, - deyə R.Əşrəfov qeyd edib.

Cəmiyyət 2024-04-30 18:00:00