×
A
A
A
Sazlamalar

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Bakı, 17 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Muğan Regional Mərkəzi ilə birgə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Salyan rayonunda regional seminar-müşavirə keçirib.
Bu barədə nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Muğan Regional Mərkəzinin, həmçinin Salyan Rayon İcra Hakimiyyətinin, regionda fəaliyyət göstərən polis şöbələrinin məsul əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzinin və Şirvan Milli Parkının, Kənd Təsərrüfatı Nazirliyinin Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin səlahiyyətli nümayəndələri, bələdiyyə sədrləri və iri təsərrüfat sahibləri iştirak etdiyi seminar-müşavirədə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunub. Eləcə də açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb. Eyni zamanda müşavirə iştirakçılarına yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah edilib.
Yerli idarəetmə orqanları tərəfindən əhali arasında həmin sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi vurğulanıb.
Seminar-müşavirədə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

Cəmiyyət 2024-05-17 18:41:00