×
A
A
A
Sazlamalar

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

Əbu-Dabi, 17 aprel, AZƏRTAC

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Assambleyasının “COP28-in yekunları: infrastruktur, strategiya və bərpaolunan enerjidən istifadəni üç dəfə artırmaq və enerji keçidini sürətləndirmək bacarıqları” mövzusunda keçirilən 14-cü sessiyası panel iclasları ilə işini davam etdirib.
AZƏRTAC-ın BƏƏ paytaxtına ezam olunmuş müxbiri xəbər verir ki, “CNN Arabia” telekanalının aparıcısı və baş redaktoru Bekki Andersonun moderatoru olduğu panel iclasında “Bərpaolunan enerjinin üçqat artırılması” mövzusu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Panel iclasında Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Afrika İttifaqının infrastruktur və energetika məsələləri üzrə komissarı Amani Əbu-Zaid, Barbadosun enerji və biznes naziri Liza Kammins, Keniyanın Energetika və Neft Nazirliyinin katibi Devis Çirçir, BƏƏ-nin energetika və neft nazirinin müavini Şərif əl-Ulama iştirak ediblər.
Nazir Pərviz Şahbazov maliyyə təminatını 2030-cu ilədək bərpaolunan enerji mənbələrindən istifadənin əsas şərtlərindən biri adlandırıb.
Onun sözlərinə görə, COP29 iqlim konfransının keçirilməsi Azərbaycana bərpaolunan enerji sahəsinin inkişafında nailiyyətlər əldə etmək imkanı verir. Nazir əmin olduğunu bildirib ki, COP29 yeni qlobal kollektiv maliyyə məqsədlərinin qəbulu üzrə səylərin səfərbər edilməsində mühüm platformaya çevriləcək.
Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson COP28 iqlim konfransının uğurla keçirildiyini qeyd edib, Aİ və IRENA-nın bərpaolunan enerji mənbələrindən istifadənin üçqat artırılması üzrə təşəbbüsün irəli sürülməsində birgə səylərini vurğulayıb.
K.Simson bildirib ki, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə və energetika naziri Pərviz Şahbazovla keçirilən görüşlərdə maliyyə təminatı və bərpaolunan enerji mənbələrindən istifadə olunması məsələlərinin qarşıdakı COP29 iqlim konfransının gündəliyinə daxil edilməsinin zəruriliyi qeyd edilib. O, həmçinin Aİ-nin yuxarıda göstərilən təşəbbüslərə tam sadiqliyini və dəstəyini ifadə edib.
Panel iclası geniş müzakirələrlə davam etdirilib.

İqtisadiyyat 2024-04-17 17:44:00