×
A
A
A
Sazlamalar

Venesuela Ekvadordakı bütün diplomatlarını geri çağırır

Bakı, 17 aprel, AZƏRTAC

Venesuela Prezidenti Nikolas Maduro Meksika ilə həmrəylik əlaməti olaraq bütün diplomatlarını Ekvadordan geri çağırmaq barədə göstəriş verib.
AZƏRTAC “El Pais” qəzetinə istinadla xəbər verir ki, Nikolas Maduro Ekvador beynəlxalq hüququ bərpa etməyənədək Venesuelanın mövqeyinin dəyişməyəcəyini deyib.
“Mən diplomatların və konsulluq işçilərinin Ekvadordan dərhal çıxarılmasına göstəriş vermişəm. Ekvador Prezidenti Daniel Noboanın hərəkəti səfirliklər üçün birbaşa təhdiddir”, - deyə Venesuela prezidenti Ekvador polisinin Meksika səfirliyə hücumuna işarə edərək bildirib.
Xatırladaq ki, aprelin əvvəlində Ekvador polisi rüşvətxorluq və korrupsiyada ittiham olunan və Meksikanın Kito şəhərindəki səfirliyinə sığınan ölkənin sabiq vitse-prezidenti Xorxe Qlası həbs etmək üçün diplomatik missiyaya basqın edib.
Hücumdan sonra Meksika Ekvadorla diplomatik əlaqələrini dayandırıb. Meksika prezidenti Andres Manuel Lopes Obrador bunu “beynəlxalq hüququn və ölkəsinin suverenliyinin kobud şəkildə pozulması” adlandırıb.

Dünya 2024-04-17 12:53:00