×
A
A
A
Sazlamalar

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Bakı, 7 may, AZƏRTAC

Bu gün Vyetnam Dyenbyenfu döyüşündə qazanılan qələbənin 70 illiyini qeyd edir. Həmin döyüşdə Fransanın müstəmləkəçi ordusu Vyetnam qoşunlarına məğlub olub və bu, Hind-Çində fransız işğalçılıq siyasətinin sonunu qoyub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, 1954-cü ildə Dyenbyenfunun süqutu təqribən 100 il davam edən Fransanın müstəmləkəçi hakimiyyətinin məhvi ilə nəticələndi.
Bu əlamətdar hadisə münasibətilə keçirilən mərasimdə çıxış edən Vyetnamın Baş naziri Fam Min Çin deyib: “Dyenbyeenfuda tarixi qələbə təkcə Vyetnam inqilabı üçün əlamətdar olmayıb. Bu, həmçinin ölkələri müstəqillik və azadlıq uğrunda mübarizəyə qaldıran monumental dastan idi və bütün dünyada müstəmləkəçiliyin iflasına gətirib çıxardı”.
Mərasimdə minlərlə yerli sakin və yaxaları medalla dolu olan, əksəriyyəti 90 yaşını adlamış veteranlar hərbi paradı salamlayıblar.
Hərbi paradda Fransanın müdafiə naziri Sebastyan Lekornü də iştirak edib. Bu, belə yüksəkvəzifəli fransız məmurunun vaxtilə döyüş meydanı olmuş məkanı ilk ziyarəti və Dyenbyenfuda keçirilən anım tədbirinə qatılmasıdır.

Dünya 2024-05-07 15:49:00