Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub
Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyovun 140 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin şöbə müdiri Xanım Abdinova Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığı, musiqili teatrın yaranmasında müstəsna rolu haqqında danışıb. Onun çıxışı bəstəkarın həyat və yaradıcılığını əks etdirən slayd-şou ilə müşayiət olunub.
Sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova Z.Hacıbəyovun musiqi tarixində xidmətləri, akademiyanın Elmi-Tədqiqat Laboratoriyasının elmi işçisi Fidan Nəsirova “Bəstəkar Zülfüqar Hacıbəyovun yaradıcılığında vokal-instrumental janrı” mövzusunda çıxış ediblər.
Tədbirin bədii hissəsində Xalq artisti Ülviyyə Hacıbəyovanın, musiqişünas və vokalçı Sevinc İbrahimovanın, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Əməkdar artist Səbuhi İbayev, Rəvanə Əmiraslanlı, Əməkdar artist Elxan Mansurov (tar), Səma Həmzəyeva, Elmira Qafarova, Nəzər Bəylərov, Rəşad Həsənzadə, Roza Səlimova (f-no) və xorunun ifalarında bəstəkarın əsərlərindən ibarət konsert proqramı səslənib. “Aşıq Qərib”operasından səhnələr təqdim olunub.
Muzeyin foyesində isə Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığını əks etdirən və muzeyin fondunda mühafizə olunan materiallardan ibarət sərgi açılıb.
Bazel şəhərində Heiliggeist Kilsəsindən gələn ecazkar kamança səsi
Abdulla Şaiqin mənzil-muzeyində Füzulinin 530 illiyinə həsr olunmuş tədbir keçirilib
Ruslan Quliyev: COP29 ölkəmizin turizm sənayesi üçün çox böyük bir fürsətdir
Moskvada “Musiqi dünyası” jurnalının 25 illiyi münasibətilə elmi konfrans öz işinə başlayıb VİDEO