×
A
A
A
Sazlamalar

Məhkumluqdan azad olunmasına üç ay qalmış bir qrup şəxsin qiymətləndirilməsi aparılıb

Bakı, 16 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə adaptasiyası məqsədilə növbəti tədbir keçirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 16 saylı cəzaçəkmə müəssisəsində təşkil edilən tədbirdə Agentliyin fəaliyyət istiqamətləri, məhkumların sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər barədə məlumat verilib.
Qeyd olunub ki, Agentliyin Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzində həmin kateqoriyadan olan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması məqsədilə işlər aparılır. Onlara, həmçinin sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı və sosial-məişət xidmətləri göstərilir.
Sosial xidmətə ehtiyacı olan şəxslərin, habelə cəza çəkməkdən azad olan şəxslərin sosial reabilitasiyası və adaptasiyası tədbirləri diqqətə çatdırılıb. Həmin şəxslərin ailələrinə səfərlər təşkil olunduğu, onlarla aparılan qiymətləndirmənin nəticəsindən asılı olaraq müvafiq xidmətlərə cəlb edildikləri bildirilib, sosial-psixoloji reabilitasiyanın təşkilinə dair təqdimatlar olunub.
Tədbirdə məhkumluqdan azad olunmasına üç ay qalmış bir qrup şəxsin qiymətləndirilməsi aparılıb. Məhkumluqdan azad olunduqdan sonra onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur. Psixoloji xidmətə ehtiyacı olan şəxslərlə isə cəzaçəkmə müəssisəsində yaradılan psixoloji kabinetdə fərdi konsultasiya aparılıb.

Cəmiyyət 2024-04-16 14:46:00