×
A
A
A
Sazlamalar

Oğuzda Əlicançay su anbarının inşasına başlanılıb VİDEO

Oğuz, 15 aprel, AZƏRTAC
Ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su ehtiyatlarının artırılması və dağ çayları sularının yığılması məqsədilə yeni su anbarları inşa olunur.
AZƏRTAC xəbər verir ki, belə su anbarlarından biri Oğuz ərazisindən axan Əlicançayın vadisində inşa ediləcək.
Əlicançay vadisi Oğuz ilə Şəkinin kəsişməsindəki ərazidə yerləşir. Oğuzun Top və Zərrəab kəndlərindən keçməklə bura gəlmək daha asandır. Əlverişli relyef üstünlüklərinə malik bu ərazidə hələ Sovet İttifaqı dövründə sututar inşa etmək barədə plan olsa da, müəyyən səbəblərdən təxirə salınıb. Yerli sakinlərin “çayqovuşan” adlandırdığı bu ərazidə dörd çay birləşir və Əlicançay vadisi deyə tanınır. Yaxın gələcəkdə ölkəmizin ən iri su anbarlarından biri elə bu vadinin qarşısında inşa olunacaq.
Yeni su anbarı mənbəyini Böyük Qafqaz dağlarından götürən Əlicançayla yanaşı, Xalxal, Oğuz, Daşağıl çayları, eləcə də yeraltı sular və kanallar vasitəsilə doldurulacaq. Bu anbar illərlə susuz qalan min hektarlarla ərazilərin suvarılmasına, əhalinin su təminatının yaxşılaşmasına töhfə verməklə yanaşı, yanğınlar baş verərkən onların qarşısının alınmasında da mühüm rol oynayacaq.

Tikintisi aparılan ərazini yaxşı tanıyanlardan biri, kənd sakini Eyvaz Mirzəyev həm də melorasiya və su qurğularının idarə edilməsi üzrə mütəxəssisdir. O, su anbarının inşasının təkcə Oğuz və Şəki rayonları üçün deyil, ümumilikdə, bölgə üçün faydalı olacağını bildirir.
“İndiyə kimi bizim ərazilərimizdə olan çaylardan, sulardan mütəmadi və səmərəli istifadə edə bilməməyimiz səbəbindən ərazilərdə əkilən bostan-tərəvəzin məhsuldarlığı da az olub. Bu ərazilərdə olan subartezian quyularının əksəriyyəti quruyub, istənilən qədər su çıxarmaq mümkün deyil, ərazilər də quruyub gedir. Çayqovuşanda tikilən su anbarı bu problemin həllinə də çarə olacaq. Həm torpaqlar suvarılacaq, həm də qurunt suları artacaq ki, bu da artezianların işləməsinə gətirib çıxaracaq. Təkcə Oğuzda 16 kənd suvarma və içməli su ilə təmin olunacaq”, - deyən Eyvaz Mirzəyev yaxın gələcəkdə bunların bəhrəsini görəcəklərinə ümid edir.
Mütəxəssisin sözlərinə görə, Böyük Qafqazın cənub yamacları boyunca uzanan, Qəbələdən başlayaraq ta Balakənə kimi irili-xırdalı 20-yə yaxın bol sulu dağ çayı axır. Gələcəkdə onların da qarşısında bir neçə yerdə belə su anbarı inşa etməklə nəinki Şəki-Zaqatala bölgəsində, eləcə də Oğuz-Qəbələ su kəmərinə su verməklə paytaxt əhalisinin su təminatı daha da yaxşılaşdırıla bilər.

Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşı Əliağa Əzizov isə deyir ki, ümumi su tutumu 108 milyon kubmetr, faydalı həcmi isə 100 milyon kubmetr olacaq Əlicançay su anbarı vasitəsilə Şəki rayonunun 13 inzibati ərazisində 32,6 min hektar sahənin suvarılması və içməli su təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Bununla yanaşı, Oğuz rayonunun 16 yaşayış məntəqəsi də yeni inşa olunacaq su anbarı vasitəsilə fasiləsiz su ilə təmin olunacaq. Eyni zamanda, min hektarlarla əkin sahəsinin suvarılması planlaşdırılır.
Su anbarı ərazisindən ayrılıb geri dönərkən Eyvaz Mirzəyevin təklifi ilə dəmyə torpaqlarda əkilən taxıl sahələrinə də baş çəkdik. Yazın ilkin dövrü olduğundan bitiş əla olsa da, adətən buralarda aprel və may aylarında quraqlıq yaşanır və əksər illərdə əhalinin çəkdiyi əziyyət hədər gedir. Lakin ümid edək ki, bu torpaqların susuzluğu elə bu il başa çatacaq. 

Regionlar 2024-04-15 11:06:00

Video