×
A
A
A
Sazlamalar

Londonda Assanja dəstək aksiyaları davam edir - Belmarş həbsxanasının önündən... - FOTOLAR

London, 15 aprel, AZƏRTAC
“WikiLeaks” portalının təsisçisi Culian Assanjın Londonun Belmarş həbsxanasında saxlanılmasının 5 illiyi ilə əlaqədar Londonun müxtəlif yerlərində silsilə dəstək aksiyaları təşkil olunur.
AZƏRTAC-ın London bürosu xəbər verir ki, bu gün Londonda Vestminster Magistr Məhkəməsi, Ekvador səfirliyi və hazırda saxlandığı Belmarş həbsxanasının önündə Assanja dəstək aksiyaları keçirilib. Assanjın dəstəkçiləri səslərinin həbsxana divarlarının o biri tərəfində bir nəfərlik hücrədə qalan Culian Assanja çatdırmağa, onun qapalı divarlar ardında əslində tək olmadığını, unudulmadığını ona xatırlatmağa çalışıblar.
Belmarş həbsxanasının önündə suallarımızı cavablandıran Culian Assanjı Müdafiə Komitəsindən Jeannie bildirib ki, o, Assanjın ABŞ-da ədalətli mühakimə olunacağına inanmır: "ABŞ-ın demokratik olduğuna inanmıram. Daniel Hale, Jeffrey Sterlinq kimi şəxslər də mətbuata məxfi məlumatlar ötürdükdən sonra həbs olunublar. ABŞ-da hakimlər hökumət ilə birgə işləyir. Ona görə düşünmürəm ki, Culian Assanj ABŞ-da ədalətli mühakimə olunsun",- deyə o qeyd edib.
"Amnesty İnternational" təşkilatının üzvü Angie isə bildirib ki, Culian Assanj heç bir cinayət törətməyib, yalnız insan hüquqlarının pozulması faktlarını və müharibə cinayətlərini ortaya çıxarıb. O vurğulayıb ki, Culian Assanj ABŞ-a ekstradisiya olunarsa, onun gələcəyi haqqında qərar artıq çoxdan verilib.
Aksiya iştirakçıları əllərində “Assanjdan əllərinizi çəkin”, “Assanja azadlıq”, “Assanjın mühakiməsinə son verin” yazılı plakatlar tutub, şüarlar səsləndiriblər.
Qeyd edək ki, 2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj orada təxminən yeddi il gizlənib. 2019-cu il aprelin 11-də Britaniya polisi onu Ekvador hökumətinin razılığı ilə həbs edib. Bundan sonra ABŞ hakimiyyəti Culian Assanja qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb.
Bu il martın 26-da Britaniya məhkəməsi Assanjı dərhal ABŞ-a təhvil verməkdən imtina edib. Hakimlər bildiriblər ki, ABŞ səlahiyyətliləri onun ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə başına nə gələcəyinə dair əlavə zəmanət verməsələr, Assanj apellyasiya şikayəti verə biləcək.
Növbəti məhkəmə iclası mayın 20-nə təyin edilib.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2024-04-15 02:38:00