×
A
A
A
Sazlamalar

Ölkə üzrə 49-cu KOB dostu ofisi fəaliyyətə başlayıb

Bakı, 9 aprel, AZƏRTAC

Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə sayca 4-cü, ölkə üzrə isə 49-cu KOB dostu bu gündən Samux və ətraf bölgələrdən olan sahibkarların xidmətindədir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, Samux rayonunda sahibkarlarla görüş keçirilib. Görüşdə Samux və ətraf bölgələrdən olan 200-ə yaxın sahibkar, eləcə də bölgədə biznes subyektlərinə xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Həmçinin tədbir çərçivəsində Samux rayonu üzrə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib. Bu, ölkə üzrə sayca 49-cu KOB dostu ofisidir. Samux KOB dostu ofisi Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə Gəncə, Daşkəsən və Göygöldən sonra sayca 4-cü ofisdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonda sahibkarlıq fəaliyyəti və investisiya qoyuluşu üçün imkanlar, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə Agentliyin dəstək və xidmətləri, KOB dostu mexanizmi barədə fikirlərini bölüşüblər.
Görüş çərçivəsində sahibkarların çətinliklərinə və ehtiyaclarına dair fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, KOBİA-nın sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş etdirilib.
Sonra tədbir iştirakçıları Samux rayon Heydər Əliyev Mərkəzində yerləşən KOB dostu ofisində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar.

 

Regionlar 2024-04-09 17:16:00