×
A
A
A
Sazlamalar

Ordubad şəhərində sahibkarlarla görüş keçirilib

Naxçıvan, 9 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Ordubad şəhərində yerləşən Vergi Ödəyicilərinə Xidmət Mərkəzində bölgədə fəaliyyət göstərən sahibkarlarla mərkəzin imkanları və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş bir sıra dəyişikliklərin izahı ilə bağlı görüş keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Dövlət Vergi Xidmətinin Vergi Ödəyicilərinə Xidmət İdarəsinin rəisi Zahid Qənbərov cari ilin fevral ayının 27-də istifadəyə verilmiş müasir dizaynlı və ən son avadanlıqlarla təchiz edilmiş xidmət mərkəzində respublika üzrə bütün vergi ödəyicilərinə, o cümlədən 4 saylı Ərazi Vergilər İdarəsi üzrə 9000 artıq vergi ödəyicisinə vergi sahəsində bütün xidmətlərin təqdim edildiyini və vətəndaşların vergi məsələlərinin həllinə dəstək göstərildiyini bildirib. Həmçinin qeyd edib ki, mərkəzdə şəhid ailələri və qazilərin, məhdud fiziki imkanlı şəxslərin xidmətlərdən növbədənkənar yararlanması üçün xidməti otaq da yaradılıb. Bununla yanaşı, mərkəzdə özünəxidmət masaları da mövcuddur ki, vergi ödəyiciləri öz hesabatlarını təqdim edə və hazır sənədləri çap edə bilirlər.
Mərkəzdə vətəndaşlara Vergi orqanlarında uçot haqqında şəhadətnamənin və həmin şəhadətnamənin yeni nüsxəsinin verilməsi, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in verilməsi, “ASAN İmza” sertifikatı xidmətlərinin göstərilməsi, hazır sənədlərin götürülməsi və vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı məlumatların verilməsi xidmətləri göstərilir.
Görüşdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər barədə slaydlar vasitəsilə təqdimat edilib, sahibkarlara ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Vergi Məcəlləsinə bir neçə əsas istiqamət üzrə təşviqedici və tənzimləyici müddəalar daxil edilib. Bu dəyişikliklər sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi və s. istiqamətləri əhatə edir.
Sahibkarlar mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar. Bildirilib ki, cari ilin mart ayı ərzində muxtar respublikada fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən, ümumilikdə 2112 vətəndaş qəbul edilib və onlara 2411 xidmət göstərilib, o cümlədən Ordubad şəhərində yerləşən Xidmət mərkəzi tərəfindən 215 şəxs qəbul edilib və onlara 246 xidmət göstərilib. Mərkəzdə qeyd edilən dövrdə 82 “ASAN İmza” sertifikatı verilib. Həmçinin mərkəzdə vətəndaş məmnunluğunun artırılması məqsədilə könüllülük fəaliyyəti təşkil olunub. Könüllülər mərkəzə müraciət edən vətəndaşların qarşılanması, onlara müxtəlif vergi xidmətlərdən yararlanması üçün köməklik göstərirlər.
Sonda Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb və mərkəzin fəaliyyətini özündə əks etdirən bukletlər paylanılıb.

Regionlar 2024-04-09 15:07:00