×
A
A
A
Sazlamalar

Şirvan suvarma kanalı 4 il ərzində yenidən qurulacaq – EKSKLÜZİV

Bakı, 9 aprel, AZƏRTAC

Son illərdə aqrar sektorun dayanıqlı inkişafı, regionlarda innovativ texnologiyaların tətbiqi ilə iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması üçün müasir tələblərə cavab verən su anbarları və yeni suvarma kanalları tikilib istifadəyə verilib. Bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişikliyi, suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə mövcud su ehtiyatlarından daha səmərəli və qənaətlə istifadə edilməsini aktuallaşdırır. Bu baxımdan, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və zəruri ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsi üçün əlavə tədbirlərin görülməsinə ehtiyac var.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr əvəzi Rafiq Aslanov deyib.
O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə verilmiş tapşırıqların icrası olaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə Türkiyə Respublikasının “Su yapı” məsləhətçi şirkəti tərəfindən Şirvan suvarma kanalının (Yuxarı Şirvan kanalı – red.) yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma sənədləri və işçi layihə hazırlanıb. İşçi layihə Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət ekspertiza rəyi ilə təsdiq edilib.
“Şirvan zonasının 8 rayonunun 112 min hektardan artıq əkin sahəsini suvarma, yaşayış məntəqələrini məişət suyu ilə təmin edən və 65 ilə yaxın müddətdə fasiləsiz istifadə olunan, sugötürmə qabiliyyəti saniyədə 78 kubmetr və uzunluğu 122,3 kilometr olan torpaq məcralı Şirvan suvarma kanalında baş verən yüksək su itkiləri torpaqların meliorativ vəziyyətinin pisləşərək deqradasiyaya uğramasına və bataqlaşmasına səbəb olub. Bütün bunlar mövcud əkin sahələrinin vegetasiya dövründə suvarma suyu ilə təminatında çatışmazlıqlar yaradıb və bölgənin suya daim artan tələbatının ödənilməsində olan gərginliyi daha da dərinləşdirməklə, ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb”, - deyə R.Aslanov diqqətə çatdırıb.
Onun sözlərinə görə, yeni layihədə Şirvan suvarma kanalının başlanğıcda sərfinin 180 kubmetr/saniyəyə və uzunluğunu 204,3 kilometrə qədər artırmaqla (Mingəçevir-Hacıqabul gölü arası) onun müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi nəticəsində Şirvan zonasının Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarının 228 min hektar torpaq sahəsini (onun 116 min hektarı yeni suvarılacaq torpaqlar) suvarma suyu, yaşayış məntəqələrinin içməli və məişət suları ilə təminatının, torpaqların meliorativ, eləcə də Hacıqabul gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına nail olunacaq.
R.Aslanov vurğulayıb ki, layihəyə uyğun olaraq yenidənqurma və tikinti işlərinin 4 mərhələdə olmaqla, 4 il müddətində həyata keçirilməsi nəzərdə tutulur: “Şirvan suvarma kanalının müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi nəticəsində mərkəzləşdirilmiş SCADA sistemi yaratmaqla su ehtiyatlarından daha səmərəli istifadənin və optimal idarəetmənin təmin olunması, yaşayış məntəqələrinin məişət suyu ilə təminatının və mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların kənd təsərrüfatına cəlb olunması, kanal boyu istismar yolu çəkilməsi və meşə zolağının salınması, təqribən 346 milyon kubmetrə yaxın su itkisinin qarşısının alınması planlaşdırılır. Həmçinin Hacıqabul gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin, torpaqların meliorativ vəziyyətinin və əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatı bitkilərindən yüksək məhsuldarlığın əldə olunması, iri təsərrüfatlara məxsus əkin sahələrini suvarma suyu ilə təmin edən nasos stansiyalarının fəaliyyətinin dayandırılması, Pirsaatçay su anbarının əkin sahələrinə xidmət etməsi nəzərdə tutulan nasos stansiyasının qidalandırılmasına nail olunacağı gözlənilir”.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün “Şirvan suvarma kanalının yenidən qurulması haqqında” Sərəncam imzalayıb.

Regionlar 2024-04-09 14:32:00