×
A
A
A
Sazlamalar

Araz çayından qidalanan nasos stansiyasından əkin sahələrinə suvarma suyunun verilməsi təmin olunub

Naxçıvan, 9 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən Araz çayından qidalanan nasos stansiyasından əkin sahələrinə suvarma suyunun verilməsi təmin olunub.
Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Araz-1” və “Araz-2” nasos stansiyalarının 630 və 720 millimetrlik təzyiqli qoşa xəttinin ümumi uzunluğu 6000 metr olan hissəsi çevrilərək qırılıb. Həmin hissə texnika ilə qaldırılaraq qaynaq olunub. Eyni zamanda, ümumi uzunluğu 580 metr olan çürümüş və deşilmiş hissələrdə təmir-bərpa işləri yekunlaşdırılaraq, Nehrəm qəsəbəsinin əkin sahələrinə suvarma suyu verilib.
Babək və Kəngərli rayon Meliorasiya və Su Təsərrüfatı İdarələrinin əməkdaşları tərəfindən “Azərbaycan” nasos stansiyasının təzyiqli boru xətlərində olan 8 ədəd birləşmədən qırılan hissələr, ümumi uzunluğu 9000 metr olan qoşa xətdə, ümumilikdə 12 ədəd birləşmədən qırılıb düşən hissələr qaldırıcı texnika vasitəsilə qaldırılaraq qaynaq edilib, təqribən 420 metr çürümüş və deşilmiş hissədə təmir-bərpa işləri yekunlaşıb. Görülən işlərin nəticəsində Kəngərli rayonunun Xok və Böyükdüz kəndlərinin əkin sahələrinin suvarılmasına xidmət edən “Azərbaycan” nasos stansiyasının Xok və Böyükdüz xəttinə suyun verilməsi təmin olunub.
Hazırda nasos stansiyalarının digər təzyiqli boru xətlərində də cari təmir-bərpa işləri aparılır.

Regionlar 2024-04-09 10:06:00