×
A
A
A
Sazlamalar

Marneulidə iftar süfrəsi təşkil olunub

Tbilisi, 8 aprel, AZƏRTAC

Aprelin 8-də Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Marneuli şəhərində iftar süfrəsi təşkil olundu.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan səfirliyinin əməkdaşı, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərkəzin icraçı direktoru Murad Muradov çıxış edərək Dövlət Komitəsinin sədri Fuad Muradovun Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb.
Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Ramiz Hacızadə çıxış edərək səfir Faiq Quliyevin təbrik və salamlarını çatdırıb.
Diplomat Ramazan ayının birlik və bərabərlik, saflıq ayı olduğu bildirib. Qeyd edib ki, soydaşlarımızın bu cür tədbirlərdə fəal iştirakı möhkəm birliyimizin bariz nümunəsidir.
O, Gürcüstan dövlətinin soydaşlarımızın dini sahədə hüquqlarının azad, sərbəst həyata keçirilməsinə yaratdığı şəraiti xüsusi qeyd edib.
Daha sonra Marneulinin Baş axundu Hacı Əziz Nəbiyev çıxış edərək Ramazan bayramı, orucun və iftar süfrələrinin önəmi barədə ətraflı məlumat verib, dualar oxunub.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Cəmiyyət 2024-04-08 23:21:00