×
A
A
A
Sazlamalar

“Azərbaycan 2030 və Dayanıqlı İnkişaf” milli tələbə müsabiqəsi keçiriləcək

Bakı, 8 aprel, AZƏRTAC

“Azərbaycan 2030 və Dayanıqlı İnkişaf” milli tələbə müsabiqəsi elan edilir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqə Azərbaycan Gənclər Fondu və “Bir könüllü” tələbə təşkilatının birgə təşkilatçılığı, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Təhsilin İnkişafı Fondu və BP Azərbaycanın dəstəyilə həyata keçirilir.
Hakaton formatında keçiriləcək müsabiqənin məqsədi iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin azaldılması istiqamətində tələbələrin innovativ layihə ideyalarının dəyərləndirilməsidir.
Müsabiqə “Azərbaycan 2030” gündəliyinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinə əsaslanaraq qeyd edilmiş milli prioritetin reallaşdırılması üçün nəzərdə tutulmuş məqsədlərə fokuslanacaq.
Bu müsabiqədə ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura səviyyəsində təhsil alan tələbələr iştirak edə bilər.
Birinci yerin qalibi 2000 AZN, ikinci yerin qalibi 1500 AZN, üçüncü yerin qalibi 1000 AZN mükafat alacaq.
Yarışmaya müraciət komanda və fərdi şəkildə aparılır və komanda tərkibi 10 nəfərdən ibarət olmalıdır.
Müsabiqə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aprelin 26-28-də keçiriləcək.
Fərdi şəkildə və komanda şəklində müraciət etmək istəyənlər linklərə daxil olaraq aprelin 20-dək qeydiyyatdan keçə bilərlər.

Elm və təhsil 2024-04-08 16:58:00