×
A
A
A
Sazlamalar

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Bakı, 30 aprel, AZƏRTAC

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) və “EkoSfera” SEM-in təşəbbüsü və təşkilatçılığı ilə “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində ekoklub üzvlərinin IX Ekoloji Forumu təşkil edilib.
RUGİM-dən AZƏRTAC-a bildirilib ki, builki forumun məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iqlim dəyişikliyinin azaldılması və ətraf mühitin sağlamlaşdırılması sahəsində məktəbliləri məlumatlandırmaq, onların ekoloji proseslərdə rolunu artırmaq, yaşıl enerji, biomüxtəlifliyin qorunması, COP29-la bağlı mövzu ətrafında fikir mübadiləsi aparmaq olub.
Forumun açılışında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, COP29 Təşkilat Komitəsinin üzvü Firuzə Sultan-zadə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının iqlim dəyişikliyinin təsirinin azaldılması, yaşıl enerji mənbələrinə keçid, iqlim böhranının həlli üçün fürsət olduğunu, ölkədə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin sosial-iqtisadi prioritetlərdən biri olduğunu qeyd edib.
Açılışdan sonra “Dayanıqlı həyat tərzi üçün çağırışlar” 5 istiqamət üzrə məktəblilərin ən yaxşı innovativ startap qalibləri mükafatlandırılıb.
Forumda Bakı şəhəri üzrə 40 ümumi təhsil müəssisəsi və 30 regional Uşaq-Gənclər İnkişaf mərkəzlərində fəaliyyət göstərən ekoklubların 100 fəal üzvlərinin dünyaya çağırışları, ətraf mühitin mühafizəsinin aktuallığını və kollektiv fəaliyyətin zəruriliyini vurğulayan videomesaj və açıq məktublarının təqdimatı olub.
Paralel sessiyalarda bitkilərin və heyvanların iqlim dəyişmələrinə uyğunlaşması, iqlim və sağlamlıq, istixana qazlarının azaldılması mövzuları müzakirə olunub. “COP29 – İqlim fəaliyyəti və öhdəlikləri” təqdimatı nümayiş etdirilib. Qətnamə qəbul edildikdən sonra “Uşaqlar və iqlim”, “Uyğunlaşma və adaptasiya alətləri”, “İndiki və gələcək nəsillərin dayanıqlılığı” mövzularında diskussiya və interaktiv ekoloji sorğu-sual keçirilib.
Ekoloji Forum nəsli kəsilmək təhlükəsi altında olan növlərdən biri - “Pandalar” adlı sənədli filmə baxışla yekunlaşıb.
Qeyd edək ki, IX Ekoloji Forum “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunub.

Elm və təhsil 2024-04-30 16:20:00