×
A
A
A
Sazlamalar

Akademik İsa Həbibbəyli: Əli Tudənin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur

Bakı, 30 aprel, AZƏRTAC

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simaları içində Əli Tudənin yaradıcılığı xüsusi yer tutur.
AZƏRTAC xəbər verir ki, bu fikri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli jurnalistlərə müsahibəsində söyləyib. Akademik qeyd edib ki, Əli Tudə son 100 ildə Azərbaycan ədəbiyyatının vətənpərvərlik, vətəndaşlıq, millilik üzərində köklənən əsərlər yaratmış görkəmli şəxslərindən biridir. Əli Tudənin bir xidməti də ondan ibarətdir ki, o, hələ XX əsrin 50-70-ci illərində - yaradıcılığının ən məhsuldar dövründə Azərbaycanda milli azadlıq hərəkatı mövzusuna cəsarətlə müraciət edib. Şair sovet dövrünün yaratdığı qapalı rejimə baxmayaraq, xalqımızın milli-mənəvi bütövlüyünü, vətənpərvərlik hissini, azadlıq düşüncəsini əsərlərində istedadla ifadə etməyi bacarıb: “Buna görə də Azərbaycan ədəbiyyatı tarixində Əli Tudənin məxsusi yeri var. Onun yaradıcılığında lirika nümunələri öndə olsa da, poemaları öz rəng çalarları ilə seçilir, bədiilik və mövzu baxımından aktual olmaqla yüksək səviyyədə yazılıb. Əli Tudə vətəndaşlıq, millilik üzərində köklənən böyük ədəbiyyatı yaratmış böyük şairlərdən biridir”.

Elm və təhsil 2024-04-30 15:45:00