×
A
A
A
Sazlamalar

Misir telekanalı: Qahirədə İsrail və HƏMAS arasında danışıqlarda irəliləyişə nail olunub

Bakı, 8 aprel, AZƏRTAC

Misirin “Əl-Qahera News” dövlət telekanalı yüksəkvəzifəli bir misirli mənbəyə istinadla bildirib ki, bazar ertəsi səhər saatlarında Qahirədə keçirilən Qəzza münaqişəsində atəşkəsə dair danışıqlarda tərəflər əsas məqamlar üzrə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, İsrail tərəfi də Fələstinin HƏMAS hərəkatına qarşı hərbi əməliyyatlardan altı ay sonra Misirin vasitəçiliyi ilə aparılan danışıqların son raundu ilə bağlı ehtiyatlı nikbinlik ifadə edib.
İsrail və HƏMAS Qəzzada saxlanılan girovların azad ediləcəyi və oradakı humanitar böhranın yüngülləşdiriləcəyi razılaşma üçün prosesdə iştirak edən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Barnsın şənbə günü apardığı danışıqlardan sonra bazar günü Misirə qruplar göndəriblər.
Bazar ertəsi HƏMAS dərhal şərh verməyib. Qüdsdə İsrailin xarici işlər naziri İsrael Katz Qahirə danışıqlarının girovlarla bağlı hədəfə yaxın olduğunu bildirib. O deyib: “Biz danışıqlarda kritik nöqtəyə çatdıq. Əgər onlar nəticə versə, o zaman çoxlu sayda girov evə qayıdacaq”.
HƏMAS oktyabrın 7-də İsrailin cənubunda müharibəyə səbəb olan qətliam zamanı 253 nəfəri ələ keçirib. Onlardan 129-u girov qalıb və danışıqlar aparan şəxslər HƏMAS ilə perspektivli razılaşmanın ilkin mərhələsində bu şəxslərin 40-a yaxınının azadlığa buraxılmasından danışıblar.
“Əl-Qahera News” telekanalının məlumatına görə, HƏMAS və Qətər Dövlətinin nümayəndə heyətləri artıq Qahirəni tərk edib və iki gün ərzində yekun razılaşmanın şərtlərini razılaşdırmaq üçün qayıdacaqlar, İsrail və ABŞ nümayəndə heyətləri isə bir neçə saat ərzində Misirdən ayrılacaqlar. Misir rəsmisi əlavə edib ki, məsləhətləşmələr növbəti 48 saat ərzində davam edəcək.

Dünya 2024-04-08 11:31:00