×
A
A
A
Sazlamalar

Kosmosda insanların görə biləcəyi nəhəng partlayış olacaq

Bakı, 8 aprel, AZƏRTAC

Bu il Yerdən 3 min işıq ili uzaqlıqda baş verəcək nəhəng partlayışı hətta həvəskar astronomlar da müşahidə edə biləcəklər.
AZƏRTAC “Science alert” saytına istinadla xəbər verir ki, təxminən hər 80 ildən bir “Corona Borealis” bürcündəki ikili ulduz sistemi arasında mübadilələr nüvə partlayışına səbəb olur. İlk dəfə 1866-cı ildə İrlandiyalı polimat Con Birminqem tərəfindən kəşf edilən, sonra 1946-cı ildə yenidən təkrarlanan bu hadisənin insanlar azı üçüncü dəfə şahidi olacaqlar.
Arizona Dövlət Universitetinin astronomu Samner Starfild 1960-cı illərdən bəri "Blaze Star" kimi tanınan “T Coronae Borealis” bürcü üzərində işlədiyini və nəhəng partlayışı müşahidə etməyin çox maraqlı olacağını bildirib.
Starfild “Milky way” və ətraf qalaktikalarda təxminən 10 təkrarlanan nova olduğunu söyləyir. Normal novaların hər 100 min ildən bir partladığını deyən Starfild nəhəng partlayışda iştirak edəcək səma cisimlərinin ölçü fərqinin böyük olduğunu bildirib.
Məlumatda qeyd olunur ki, bu nadir hadisənin şahidi olmaq üçün teleskopa və ya hər hansı qabaqcıl texnologiyaya ehtiyac yoxdur. Bunun üçün sadəcə çıxıb “Corona Borealis” bürcü istiqamətinə baxmaq kifayətdir.

 

Dünya 2024-04-08 15:51:00